Ekspert: "On-off" videosuna digər region məktəbləri də qoşulsun" VİDEO

Adətən orta məktəblər haqda videolar paylaşılanda, mövzu heç də ürəkaçan olmur. Amma dünəndən bəri ucqar dağ kəndində müəlliminin çəkdiyi video sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılandı.
Qeyd edək ki, video Lənkəranın Gəgiran kəndində çəkilib. Videonu məktəbin müəllimi Həbib Əlizadə paylaşıb.

Təhsil üzrə ekspert Kamran Əsədov "yeniavaz.com"a həmin video ilə bağlı fikirlərini bölüşüb. Ekspertin sözlərinə görə, Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlər var: "Müəllimlik təkcə robot kimi sinif otağına daxil olub getmək deyil. Bizim insanımız fədakar müəllim obrazını "Bizim Cəbiş müəllim" filmi ilə tanıyıb. Lənkəran rayonu Gəgiran kənd məktəbinin müəllimi Həbib Əlizadənin bu yeniliyini görəndə Cəbiş müəllim obrazı canlandı xəyalımda. Bilirsiz, rayonlarda müəllimlərin maddi qazancı çox aşağıdır. Aşağı əmək haqqı ilə hər gənc müəllim orta məktəbdə işləməyə getmir. Müəllimin videosunu izləyəndə kənd məktəbinin təmiz, qayğıkeş, mehriban müəllimlərini də gördük. Həbib müəllimə təşəkkür edirəm ki, müəllim adı hansısa şagirdlə "pis video" ilə yox, səmimi, insanpərvərlik yağan video ilə gündəmi zəbt etdi. Artıq insanlar orta məktəblərdən biabırçı videolardan bezmişdi. Texnologiyanın o qədər də yüksək inkşaf etmədiyi bölgədə bu kimi maraqlı layihəni yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu təşəbbüsünə görə müəllimi qiymətləndirmək lazımdır və bu aksiyaya bütün region müəllimlərinin də qoşulmasını təklif edirəm".

video

DİGƏR XƏBƏRLƏR

Top