"Ağıl indi lazımdır, Polad Bülbüloğlu"

"Azərbaycan hakimiyyəti Rusiya parlamentində - Dövlət Dumasında Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbuluna çalışır. Bu məqsədlə rusiyalı politoloq və tarixçi alim Oleq Kuznetsov petisiya hazırlayaraq Dövlət Dumasına göndərib". "Yeniavaz.com"un xəbərinə görə, bu barədə politoloq Elxan Şahinoğlu məlumat verib.

"Petisiyanın qəbulu üçün 200 min səs tələb olunur. Petisiyanın müddəti 6 aydır, artıq iki ay keçib və cəmi 16 min 400 səs toplanıb. Bu hələ ki, azdır. Ona görə bu işi sürətləndirmək lazımdır. Ancaq Oleq Kuznetsov təkbaşına buna nail olmayacaq. Ona bu işdə Azərbaycan hökumətinin, o cümlədən Azərbaycanın Moskvadakı səfirliyinin dəstəyi lazımdır. Vaxt azdır. Oleq Kuznetsova kömək olmasa, petisiya vaxtında hazır olmayacaq. Moskvadakı səfirimiz Polad Bülbüloğlu xarici işlər naziri Sergey Lavrova sual verən azərbaycanlı jurnalisti anında işdən çıxartdırdı, yaxşı olardı ki, səfirimiz petisiya üçün lazım olan imzaların toplanmasında çeviklik göstərərdi. Jurnalisti işdən çıxarmaq üçün böyük ağıl sahibi olmaq lazım deyil, ağıl indi lazımdır",-deyə politoloq bildirib.

"Bilindiyi kimi, Beynəlxalq Avrasiya Hərəkatının lideri, rus filosofu Aleksandr Duqin Bakıdadır. Mətbuatdan izlədiyim qədər Bakıdakı açıqlamaları mənə kifayət qədər pozitiv gəlməkdədir. Xüsusilə də 5 rayonun dərhal qaytarılması, digər iki rayonun və Dağlıq Qarabağın da ən azı gələcəkdə qaytarılmasının mümkünlüyü, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü bütün hallarda tanımasının vacibliyi kimi fikirlərin Rusiya ictimai rəyinə təsir göstərən bu şəxs tərəfindən səsləndirilməsi hər halda düşüncələrində müsbət dəyişikliklər olduğunu göstərir". Bu fikirləri isə millət vəkili Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, Rusiyada Azərbaycanla bağlı pozitiv düşünən insanların çox olması ümumi işimizin ancaq faydasına olardı: "Çünki Qarabağın taleyində istəsək də, istəməsək də aparıcı sözə bu dövlət sahibdir. Bir çox hallarda ABŞ-ın, Fransanın təklifləri bizim üçün daha təhlükəlidir. Gör vəziyyət hara gəlib çıxıb ki, Fransa prezidentliyinə namizədlər açıq mətnlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini vəd olaraq səsləndirirlər. Orada sırf erməni diasporasının mövqeyindən Azərbaycana qarşı siyasət formalaşdırılır. Rusiyanın siyasəti isə özünün böyük dövlət və imperiya maraqlarından formalaşır. Bu səbəbdən də Rusiyada Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi üçün bütün vasitələrdən istifadə etməmiz lazımdır. Söhbət arzuladığımız nəticəni əldə etməkdən getmir, mövcud reallıqları müsbət istiqamətdə dəyişməkdən gedir".

DİGƏR XƏBƏRLƏR

Top