Putin-Ərdoğan görüşünün detalları

Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, görüş 3 saatdan çox davam edib. Görüşdən sonra keçirilən mətbuat konfransında V. Putin bilidirib ki, iki ölkə ikitərəfli çoxplanlı əməkdaşlığın möhkəmləndirilməsinə istiqamətlənib: “Türkiyə Rusiyanın vacib və perspektivli tərəfdaşıdır. Hazırda əminliklə demək olar ki, Rusiya-Türkiyə əlaqələrində bərpa dövrü başa çatıb. Biz qarşılıqlı fəaliyyətin normal tərəfdaşlığına qayıdırıq”. İqtisadi əlaqələr barədə danışan V.Putin əlavə edib ki, Moskva Türkiyədəki “Akkuyu” atom elektrik stansiyasının tikintisinə 22 milyard dollar sərmayə qoyacaq: “2017-ci ilin ilk aylarında iki ölkə arasında əmtəə dövriyyəsi təqribən 3 faiz artıb. Rusiya və Türkiyə arasında ticarətdə məhdudiyyətlər artıq aradan qaldırılıb. Bununla belə, Türkiyəyə vizasız səfərlər və Rusiyaya pomidorların tədarükü üzrə məhdudiyyətlər hələ saxlanılacaq. Türkiyəli mütəxəssislər və biznesmenlər üçün səfərlərin liberallaşdırılması istisna edilmir”.

Öz növbəsində R. T. Ərdoğan bildirib ki, V. Putinlə danışıqların nəticələri bir neçə gündən sonra görünəcək. Suriya münaqişəsindən danışan türk lider qeyd edib ki, Astana danışıqları atəşkəsi möhkəmləndirməlidir, lakin bəziləri bu prosesi sabotaj edir. O əlavə edib ki, Ankara Suriya sərhədində ölkənin milli təhlükəsizliyinə təhdid törədən qurumların formalaşmasına imkan verməyəcək: “Türkiyə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün istənilən addımları atacaq”. Digər tərəfdən iki lider Suriyada gərginliyin azaldılması üçün orada zonaların tezliklə yaradılmasının tərəfdarı olduqlarını bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top