Şəhidi gələcəyə daşımaq istəyimiz

Samir Kaçayev... O, Aprel şəhidlərimizdən biridir. Bu gənc heykəltəraşı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilmiş "Tolerant Azərbaycan gənci" müsabiqə-sərgi (2015) layihəsinin qalibləri sırasında olanda tanımışdım (Onun "Tarazlıq" kompozisiyasında dünyamızın çağdaş durumuna çox sərt "bədii güzgü" tutulub və bu gün dünyada ədalət tərəzisini əyməyə çalışanların ifşası yaddaqalan biçimdə gerçəkləşib. Onu da qeyd edək ki, Samir Kaçayev tələbəlik illərində bir sıra tədbirlərdə, sərgilərdə ( "AZNAR", "Milli Dəyərlər", "Hamı Birlikdə", həmçinin Heydər Əliyev Fondu, Bakı 2015 İlk Avropa Oyunları, Fransa, Türkiyə, İsveçrə sərgilərində aktiv iştirak edib). Elə onda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Samirin necə bir bacarıqlı heykəltəraş olduğunu yəqin etmişdim. Onun növbəti əsərlərini də maraqla gözləyirdim. 22 yaşlı Samirin növbəti əsəri isə ötən il aprel döyüşlərində hərbi tapşırığı şücaətlə yerinə yetirərkən şəhid olmaqla (o, doğma Şamaxıda, Çuxuryurd kəndində dəfn olunub) ölkəmizin tarixində, xalqımızın qəlbində ucaltdığı öz heykəli oldu.

...Prezidentin sərəncamı ilə "İgidliyə görə" medalına layiq görülmüş Samir Kaçayevin son bir ildə əsərlərinin sərgisi keçirildi, haqqında nəfis tərtibatlı "Samir Kaçayev. Heykəltəraşlıq" bədii albom-kitab nəşr edildi. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsi Samirin heykəlini yaradılı və bu abidə şəhidimizin məzarı üzərinə qoyuldu.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı isə Y. Abramov və L.Bəyimin "Xəyalpərvər oğlan" əsəri əsasında hazırladığı "Yarımçıq qalmış" adlı tamaşası ilə (tamaşanın quruluşçu rejissoru, Xalq artisti Vaqif Əsədovdur) onun adını əbədiləşdirdi. Birhissəli psixoloji dramda əsas obrazları əməkdar artistlər Leyli Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Bəhram Həsənov, Günel Məmmədova, Asya Atakişiyeva, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramil Məmmədov, İlqarə Tosova, Nuriyyə Əliyeva, Eşqin Quliyev, Elgün Yəhyayev, Anar Seyfullayev, Mirzəağa Mirzəyev, Xəyalə Meydanova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Tahir İsmayılov, Ramiq Nəsirov, Feyruz Məmmədov canlandırıblar.

Yeri gəlmişkən, Samirin müəllimləri və tələbə yoldaşları onun Akademiyanın bakalavr pilləsini bitirərkən işlədiyi diplom işini təhsil ocağının həyətində qoymağa qərar verdilər. Ziyadxan Əliyevin sözlərinə görə, yaşıllıq üzərində qərarlaşan fransız tişə ustası "Ögüst Rodenin abidəsi" bu gün həm yüksək yaradıcılıq nümunəsinin dəyərləndirilməsi, həm də şəhidlik kimi əlçatmaz bir zirvənin sənətkar tərəfindən fəthinin mümkünlüyünü həmkarlarına nümayiş etdirən Samir Kaçayevin xatirəsini gələcəyə daşımaq istəyinin göstəricisidir...

Qvami

DİGƏR XƏBƏRLƏR

Top