MDB-də orta aylıq əmək haqqı yalnız Azərbaycanda azalıb - CƏDVƏL

Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında nominal orta aylıq əmək haqqının artım tempinə görə ilk sırada Ukrayna qərarlaşıb. "Yeniavaz.com"un MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, bu ilin fevral ayı ilə müqayisədə mart ayında Ukraynada nominal orta aylıq əmək haqqı 8,7% artıb. 2017-cı ilin mart ayında orta aylıq əmək haqqının məbləği Ukraynadan sonra ən çox Belarusda yüksəlib. Bu ilin fevral ayı ilə müqayisədə mart ayında bu ölkədə nominal əmək haqqı 7,6% artıb. Ən az artım Tacikistanda qeydə alınıb. Tacikistanda nominal orta aylıq əmək haqqı bu ilin ilk ayı ilə müqayisədə fevral ayında cəmi 1,8% artıb. MDB-yə üzv olan digər ölkələrə gəldikdə isə qeyd edək ki, 2017-ci ilin mart ayında nominal orta aylıq əmək haqqı Ermənistanda 2,6%, Qırğızıstanda 4,4%, Rusiyada isə 5% artıb. Nominal orta aylıq əmək haqqının azaldığı yeganə ölkə isə Azərbaycan olub. Bu ilin yanvar ayı ilə müqayisədə Azərbaycanda orta aylıq əmək haqqı 1,9% azalıb.

MDB ölkələri arasında ən çox əmək haqqı Rusiyada verilir

Orta aylıq əməkhaqqının məbləğinə gəldikdə isə qeyd edək ki, MDB ölkələri arasında ən çox əmək haqqı Rusiyada verilir. 2017-cı ilin mart ayında Rusiyada orta aylıq əmək haqqı 672 dollara (37 min 640 rubl) bərabər olub. MDB Dövlətlərarası Statistıka Komitəsinin ötən dəfə ikinci sırada olan Qazaxıstanla bağlı göstəriciləri açıqlamayıb. Azərbaycan bu siyahıda 4-cü sırada yer alıb. Ölkəmizdə orta aylıq əmək haqqının məbləği 291 dollar (495 manat) olub. MDB-nin digər ölkələrinə gəldikdə isə orta aylıq əmək haqqı Ermənistanda 388 dollar (187 min 659 dram), Belarusda 412 (770,6 rubl), Qırğızıstanda 200 (13 min 585 som), Ukraynada 255 (6 min 752 qrivn), Tacikistanda isə 127 dollara (1083,7 somoni) bərabər olub.

Real orta aylıq əmək haqqı ən çox Belarusda artıb

Nominal orta aylıq əmək haqqında olduğu kimi real orta aylıq əmək haqqında da azalma yalnız Azərbaycanda qeydə alınıb. Cari ilin yanvar ayı ilə müqayisədə fevral ayında real əmək haqqının dəyəri 3,4% aşağı düşüb. Digər ölkələrdə isə real orta aylıq əmək haqqında artım olub. Real orta aylıq əmək haqqı ən çox Belarusda artıb. Belarusda əmək haqqının dəyəri 7,3% artıb. Bundan başqa real orta aylıq əmək haqqı Ermənistanda 2,9%, Tacikistanda 0,7%, Rusiyada 4,9%, Qırğızıstanda 3,8%, Ukraynada isə 6,8% artıb.

DİGƏR XƏBƏRLƏR

Top