
"Bir ildən çoxdur ki özəl provayderlər Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) və "AzTelekom"a məxsus kabel-kanal sistemindən istifadəyə yaxın buraxılmır. Hətta ehtiyacı olan dövlət qurumlarına da imkan yaradılmır". "Yeniavaz.com" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri, ekspert Osman Gündüz bildirib.
Onun bildirdiyinə görə, yalnız adı çəkilən bu iki qurum özü bu infrastrukturdan istifadə edərək optik xətt çəkə bilər: "Səbəb də o göstərilir ki mövcud kabel-kanal sistemindən zamanında düzgün istifadə olunmayıb, quyular aşıb-daşır, yeni xətlər çəkməyə imkan yoxdur, fiziki olaraq yer məhduddur və s.
Əlbəttə, məlum hadisələrdən sonrakı araşdırmalar göstərib ki, yetərli nəzarət olmadığından kabel-kanal sisteminin istismarında problemlər olub, sui-istifadə halları olub, dövlət resurslarından həm də özəl məqsədlər üçün istifadə edilib və s. Eyni zamanda anlayırıq ki, yeni rəhbərlik üçün ötən dövrlərdən xeyli problemlər, kreditlər filan qalıb və təbii ki, bunları aradan qaldırmaq lazımdır. Bununla belə gözləyirdik ki, hər ay ən azı 5-10 milyon gəlir əldə edən BTRİB çevik hərəkət edərək nəhayət ki, bu problemi həll edə biləcək. Heç olmasa infrastrukturun müəyyən hissələrindən istifadəyə imkanlar yaradılacaq. Amma üstündən bir ildən çox vaxt keçməsinə baxmayaraq, hələ nə özəl sektor, nə də digər dövlət qurumları quyulara yaxın buraxılmır. Amma özləri sakitcə istifadə edirlər. BTRİB çox ləng hərəkət edir. Yeni Qaydalar və yeni tariflər müəyyən olunmayıb. Kabel-kanal sistemindən istifadə tarifləri qonşu ölkələrlə müqayisədə xeyli yüksəkdir. Ən anlaşılmaz hal isə ondan ibarətdir ki, baxamayaraq ki qanunvericiliklə hər iki qurum təbii inhisar subyekti olaraq qəbul edilib, kabel-kanal sistemindən istifadə ilə bağlı tarifləri və elə Qaydaları da özləri müəyyən ediblər. Əsl analoqu olmayan haldır. Görünən budur ki, hər iki qurum mövcud imkanlardan aşırı istifadə edərək rəqabəti yetərincə məhdudlaşdıra biliblər. Genişzolaqlı internetin inkişafı xeyli əngəllənib. Təbii inhisar subyektinin özü tərəfindən infrastrukturdan istifadəyə qadağaların qoyulması internetin, bütövlükdə telekommunikasıyanın inkişafının qarşısını alır. Bu cür davam etməsi isə sonda daha ciddi fəsadlara səbəb ola bilər. Strateji Yol Xəritəsində telekommunkasiyanın inkişafı ilə bağlı konkret müddəalar nəzərdə tutulub. Bu Yol Xəritəsinin də əsas icraçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir".
"Düşünürəm ki, nazirlik və digər aidiyyəti qurumlar BTRİB və "AzTelekom"un məhdudlaşdırcı addımlarının qarşısını almalı, bu qurumlara nəzarəti gücləndirməli, telekommunikasiya sektorunda rəqabətli mühitin inikişafı üçün, çevik mexanizmlərin və uyğun tariflərin, qaydaların müyyən edilməsi üçün ciddi tədbirlər görməlidirlər",-deyə ekspert bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz