Bəzi insanlar yaddaşsızlıqdan əziyyət çəkir. Onların bəziləri xüsusi yaddaş gücləndirən dərmanlardan istifadə edirlər. Ən çox da belə vasitələrdən abituriyentlər və tələbələr imtahanqabağı istifadə edirlər. Bəs yaddaş gücləndirən və bu kimi dərmanların xeyirli və zərərli tərəfləri nədir?
"Apteklərdə yox, əsasən marketlərdə satılır"
Tibb elmləri doktoru, professor Adil Qeydbulla "Yeniavaz.com"a açıqlamasında dedi ki, dərmanları həkim müayinəsi olmadan alıb, istifadə etmək doğru deyil. Onun sözlərinə görə, belə dərmanlar xeyirli olsa və ya hər hansı ziyanı aşarlanmasa belə, yenə də həkim məsləhəti olmadan istifadə etmək olmaz: "Xarici ölkələrədə dərman almaq üçün mütləq həkim resepti olmalıdır. Bircə parasitamol və bir-iki belə dərman resseptsiz satılır. Bu dərmanlar da apteklərdə yox, əsasən marketlərdə satılır".
"Dünya dərmanlardan qaçır, psixoloq dəstəyinə üstünlük verirlər"
Psixoloq Elnur Rüstəmovun isə sualımıza münasibəti belə oldu: "Nəzərdə tutduğumuz belə dərmanların bir qismi bitgi tərkiblidir və reseptsiz satışı olur. Zərurət olmadığı halda istifadə edilməsi tövsiyə edilmir. Elə insanlar vardır ki, onlar dərmana meyillidirlər. Dərmanın tərkibi bəlli oldu-olmadı, baha olması və s. baxmayaraq, psixoloji narahatçılıqları olan insanlar istifadə edirlər. Belə insanları hipoxondiriyalı (özündə xəstəlik axtarmaq) adlandırırıq. Televiziyada gördüyü həkimin qəbuluna gedəcək, reklamda gördüyü dərmanları alacaq. O dərmanları buraxan firmaların marketinq şöbələri var. Onlar dərmanların potensial alıcılarına hesablanır. Bəzən bizə vətəndaş gəlir, görürsən əsəbidir və belə deyir: "bilirsiniz, Elnur müəllim, televiziyada belə bir dərmanın reklamı getmişdi və mən də o dərmanı alıb qəbul elədim. Görürəm ki, həmin dərmanın mənim problemimə aidiyyəti yoxdur. Mən tövsiyyə edərdim ki, peşəkar dəstəkdən sonra o dərmanlardan istifadə etsinlər. Müasir dünya insanı artıq dərmanlardan qaçır. Onlar psixoloq dəstəyinə üstünlük verirlər, dərmanla müalicəyə nisbətən. Dərman zərurət olanda həkim tərəfindən təyin olunmalıdır".
Ruzbeh Məmməd