"Avtomobilinizi sığorta edərkən əlbəəl heç kəsə pul verməyin" - Ekspert RƏYİ

İcbari sığorta hadisəsi baş verəndə sığorta şirkəti avtomobili təmir etməlidir, yoxsa dəymiş zərəri ödəməlidir? "Yeniavaz.com"un sualını sığorta məsələləri üzrə ekspert Asim Abasov cavab verib. Ekspert sözlərinə görə, bu qanunda dəqiq göstərilməyib: "Əsasən razılaşma yolu ilə həll olunur. Amma ümumiyyətlə vətəndaşın razılığı ilə olur. Vətəndaş istəsə avtomobilini sığorta şirkəti təmir edər, istəməsə pulunu alar. Məsələn, vətəndaş dəymiş zərərin 4000 manat olduğunu bildirir. Sığorta şirkəti isə deyir ki, həmin avtomobilin 2800 manat xərci var. Belə fərq yarananda sığorta şirkəti avtomobili özü təmir etdirməyi təklif edir. Bu kimi hallarda avtomobil sahibi öz hüququnu tələb edə bilər".

Ekspertdən sığorta vəsaitindən vergi tutulub-tutulmaması ilə bağlı da soruşduq. Bu suala cavabında bildirdi ki, vətəndaşa ödənən sığorta məbləğindən vergi tutulmur: "Sadəcə olaraq bank hesabı ilə olduğuna görə cüzi bank xidmət haqları tutula bilər, bu da vergi deyil".

Bəzi sürücülərin iddialarına görə, sığorta şirkətinin əməkdaşı tərəfindən sığorta olunanın məlumatları səhv yazılır və hadisə baş verdiyi zaman sığorta şirkəti tərəfindən dəymiş zərər ödənilmir. Bu iddialara da aydınlıq gətirən ekspert Asim Abasovun sözlərinə görə, belə hallarda sığorta şirkəti dəymiş zərəri ödəməkdən imtina edə bilər: "Amma imtina etməyə də bilər. Ümumiyyətlə sığorta şirkəti heç bir halda imtina etmir. Lakin, belə hal baş verəndə mübahisəli məsələ kimi baxılır və iş məhkəməyə gedir. Yəni, sığorta şirkətinin hüququ var ki, məhkəmədən qərar çıxana qədər ödəniş etməsin. Məsələn, sığorta əməkdaşına müraciət olunanda, avtomobil sahibinə deyilir ki, sənin maşının 2.2 motordu, sığorta qiyməti 100 manatdı. Avtomobil sahibi isə, "yox, mənə bu sığortanı 75 manata yazan var" - deyir. Düzdü, 75 manat yazmaq olur, amma maşının motorunu 2.2 yox 2 qeyd edərək. Ümumiyyətlə sığorta hadisəsi baş verəndə sığorta şirkəti ödəniş etməkdən imtina edə bilməz. Amma məsələ uzanacaq, mübahisəli məsələ olduğuna görə, məhkəməyə gedəcək. Məhkəmədən nə qərar çıxarsa ona əməl olunacaq".

Qeyd edək ki, sığorta eksperti vətəndaşlara avtomobillərini sığorta edərkən əlbəəl heç kəsə pul verməməyi tövsiyyə etdi. Bildirdi ki, nə ödəniş olacaqsa bank yolu ilə ödənilməlidir ki, sonradan problem yaranmasın.

DİGƏR XƏBƏRLƏR

Top