"Görəsən, Təhsil Nazirliyində bu ideyanı kim verib?"

"Təhsil Nazirliyinin vaxtaşırı hesabatlar verməsi, ictimaiyyət üçün açıqlamalar yayması təqdirəlayiqdir. Düşünürük ki, bəzi ekspertlərimzin də qeyd etdiyi kimi, bu tip toplantıların bütün maraqlı tərəflərin, konkret sahələr üzrə peşəkarların iştirakı ilə gərçəkləşdirilməsi daha da faydalı olardı. Eyni zamanda təhsilin konkret istiqamətləri üzrə maraqlı tərəflərin iştirakı ilə müzakirələrin aparılması da mövcud problemlərin və çətinliklərin aradan qaldırılmasına, təhsilin inkişafına yardım ola bilərdi". "Yeniavaz.com" xəbər verir ki, bu fikirləri ekspert Osman Gündüz səsləndirib.

Ekspert bir sıra maraqlı faktlarla bağlı da suallar səsləndirib: "Məsələn, maraqlıdır, görəsən, Təhsil Nazirliyinin son hesabatında iştirak edənlər xeyli aktual olan aşağıdakı sualların cavablarını ala biliblərmi?

1. Nə üçün son 2-3 ildə məktəblərə genişzolaqlı internet çəkilişi zəifləyib və 50% məktəblərdə normal internet yoxdur?

2. Niyə indiyədək cəmi 200 məktəbə (~4 %) keyfiyyətli fiber optik internet çəkmək mümkün olub.

3. Nə üçün təmayülləşmə üzrə məktəblərdə, xüsusən də texniki-riyaziyyat yönümlü məktəblərdə informatika fənni ləğv olunub? İnformatika yönümlü liseylərdə X-Xİ siniflərdə informatikanın ləğvi ideyası kimə məxsusdur və bunun fəsadlarını təhsil rəsmiləri necə izah edirlər?

4. Niyə ali təhsil üzrə kompüter elmləri ixtisaslarını seçənlər informatikandan deyil kimyadan imtahan verməlidirlər? Bu, nə vaxtadək davam edəcək?

5. Nə üçün distant təhsilin tətbiqi üzrə heç bir irəliləyiş yoxdur?

6. 2012-ci ilən təhsilin informasiyalaşmasına kompleks yanaşma dayandırılıb. Nəzərdə tutulan Dövlət Proqramı indiyədək qəbul edilməyib. Məktəblərə verilən əvvəlki texnoligiyalar da köhnəlib, əksəri yararsız hala düşüb və texniki servis də yoxdur. Bunun fəsadlarını, vəziyyətdən çıxış yollarını təhsil rəsmiləri necə izah edirlər?

7. Təhsil sistemində təhsilin informasiyalşması əvəzinə son dövrlərdə tətbiq edilən "texniki təhcizat" yanaşması kimin ideyasıdır, görəsən, doğurdanmı bu uğurlu variantdır və bunun üstünlüyü ilə bağlı hansısa əsalandırılmış izahatlar varmı?

8. Məktəblilər üçün texnopark və robotexnika platformasının yaradılması ideyası nə üçün gerçəkləşmir və s.

Qeyd etmək istərdim ki, həqiqətən də son 10 illər ərzində məktəblərə verilən və qurulan texnoloji - informasiya infrastrukturu sürətlə köhnəlir. Düşünürəm ki, indiki zamanda mövcud Strateji Yol Xəritəsinə uyğun olaraq təhsilin informasiyalaşması ilə bağlı Dövlət Proqramının qəbul edilməsi və təhsilin mövcud informasiya-texnoloji infrastrukturunun yeniləşdirilməsi və inkişafı istiqamətində işlərə başlanılması doğru və faydalı olardı".

DİGƏR XƏBƏRLƏR

Top