MDB-də əmək haqqının real dəyəri ən çox Azərbaycanda azalıb - CƏDVƏL

Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında nominal orta aylıq əmək haqqının artım tempinə görə ilk sırada Ukrayna qərarlaşıb. "Yeniavaz.com"un MDB Dövlətlərarası Statistıka Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən apardığı hesablamalar göstərir ki, ötən ilin yanvar-oktyabr ayı ilə müqayisədə cari ilin ilk 10 ayında Ukraynada nominal orta aylıq əmək haqqı 18,1% artıb. 2016-cı ilin yanvar-oktyabr aylarında orta aylıq əmək haqqının məbləği Ukraynadan sonra ən çox Tacikistanda yüksəlib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin yanvar-oktyabr aylarında bu ölkədə nominal əmək haqqı 13,4% artıb. Ən az artım Ermənistanda qeydə alınıb. Ermənistanda nominal orta aylıq əmək haqqı ötən ilin ilk 10 ayı ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında cəmi 3,1% artıb. MDB-yə üzv olan digər ölkələrə gəldikdə isə qeyd edək ki, 2016-cı ilin yanvar-oktyabr aylarında nominal orta aylıq əmək haqqı Azərbaycanda 6,9%, Belarusda 5,4%, Qırğızıstanda 6,2%, Rusiyada isə 8,2%, artıb.

MDB ölkələri arasında ən çox əmək haqqı Rusiyada verilir

Orta aylıq əməkhaqqının məbləğinə gəldikdə isə qeyd edək ki, MDB ölkələri arasında ən çox əmək haqqı Rusiyada verilir. 2016-cı ilin sentyabr ayında Rusiyada orta aylıq əmək haqqı 550 dollara (36 min 200 rubl) bərabər olub. MDB Dövlətlərarası Statistıka Komitəsinin ötən dəfə ikinci sırada olan Qazaxıstanla bağlı göstəriciləri açıqlamayıb. Azərbaycan bu siyahıda 4-cü sırada yer alıb. Ölkəmizdə orta aylıq əmək haqqının məbləği 288 dollar (493,8 manat) olub. MDB-nin digər ölkələrinə gəldikdə isə orta aylıq əmək haqqı Ermənistanda 388 dollar (187 min 3 dram), Belarusda 366 (722,9 rubl), Moldovada 247 (5 min 170,6 ley), Qırğızıstanda 203 (14 min 112 som), Ukraynada 195 (5 min 350 qrivn), Tacikistanda isə 118 dollara (997,5 somoni) bərabər olub.

Real orta aylıq əmək haqqı ən çox Moldovada artıb

Nominal orta aylıq əmək haqqından fərqli olaraq real orta aylıq əmək haqqı Azərbaycanda azalıb. Cari ilin əvvəlindən ötən dövr ərzində ölkəmizdə real əmək haqqının dəyəri 6,7% aşağı düşüb. Azərbaycandan sonra real orta aylıq əmək haqqı yalnız Belarusda azalıb. Belarusda əmək haqqının dəyəri 5% aşağı düşüb. Real orta aylıq əmək haqqı ən çox Moldovada artıb - 7%. Tacikistanda isə real orta aylıq əmək haqqı 6,7% artıb. Ən az artım Rusiyada qeydə alınıb. Rusiyada real orta aylıq əmək haqqı cari ilin əvvəli ilə müqayisədə cəmi 2% artıb. MDB-yə üzv olan digər ölkələrə gəldikdə isə qeyd edək ki, real orta aylıq əmək haqqı Ermənistanda 4,1%, Ukraynada 6,2%, Qırğızıstanda isə 6,4%.

DİGƏR XƏBƏRLƏR

Top