Məişət zorakılığına məruz qaldıqları üçün sığınacağa yerləşdirilənlər barədə saytımızda zaman-zaman məlumat veririk. Qeyd edək ki, sığınacaq "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi tərəfindən təşkil olunub. "Yeniavaz.com" xəbər verir ki, sığınacağa yerləşdirilənlər arasında uşaqlar da az deyil. Hazırda onların sayı 60 nəfərdir.
Birliyin sədri Mehriban Zeynalova bildirib ki, sığınacaq sakinləri arasında "yaxşı kişi" və "yaxşı qadın" necə olmalıdır mövzusunda sorğu keçirilib.
Sorğuda iştirak edənlərin cavablarını təqdim edirik.
Əsl kişi obrazı...
- Əsl kişi - öz xanımına, uşaqlarına, ümumiyyətlə, ailəsinə qiymət verən bənzərsiz, tərifəlayiq sədaqətli ər və comərd, qayğıkeş ata deməkdir. Qadın öz həyat yoldaşına necə can yandırırsa, kişi də öz qadınına can yandırmalıdır. Mütləqdi bu! Diqqət, qayğı, hörmət, anlayış göstərmək və sonda sevgi. Bunlar yoxdursa, kişi anlamı yoxdur.
- Əsl kişi - həyat yoldaşının qədrini bilməli, döyməməli, söyməməlidir. Min sifət olmamalıdır.
- Əsl kişi - yoldaşına xəyanət etməyən, ona əl qaldırmayan və ona hörmət edəndir. Qazandığını ailəsi ilə bölüşməlidir.
- Əsl kişi - xanımına əl qaldırmayan, kobudluğa yol verməyən, xəyanət etməyən, xəsis olmayan, başqasının namusuna göz dikməyən olmalıdır. Evinin rəisi olmalıdır.
- Səhər açılanda gülər üzlə "Sabahın xeyir, əzizim" deyən, uşaqlarını öpərək oyandıran, qadınını qorumağı bacaran, onu ayaqaltı etməyən, qadınına zorla nələrisə etməyə məcbur etməyən kişi əsl kişidir. Vacib deyil varlı olsun, cəh-calal yaratsın. Neyləyirəm o qızıl teşti ki, içinə qan qusacam.
- Mən öz övladımı əsl kişi kimi böyüdəcəyəm. Onun bir centlmen olmasına çalışacam.
- Sözü bütöv, əməli düz, yalansız, qadının gözünün içinə dik baxa bilən bir həyat yoldaşım olsun istərdim. Çox heyif ki, bunları yalnız sözdə tapdım...
Sığınacağın sakinlərinin yaxşı qadın haqqında düşüncələri isə bunlardır:
- Əsl qadın - gözəl, mehriban, qayğıkeş, fədakar ana və həyat yoldaşıdır. İlk növbədə, əxlaqı, namusu, abır-həyası, imanı olmalıdır. Ən əsas da əxlaqını heç bir zaman, nə olursa olsun əldən verməməlidir. Çətin, ağır bir vəziyyətdə olarkən həmin situasiyadan çıxmalı, heç kəsə möhtac olmamalı, asılı qalmamalı, daima öz ayağı üstündə durmalı, heç kimə ağız açmamalıdır. Qadın - incə məxluq, səbirli, ləyaqətli, müqəddəs ana, ətirli çiçək, dözümlü insan, zərif güzgü deməkdir.
- Əsl qadın - öz uşaqlarını başına yığıb yaxşı tərbiyə etməlidir. Qadınlar xoşbəxt olmalı, bütün çətinliklərə üstün gəlməli, ayağa qalxmalı, heç vaxt əzilməməlidir.
- Əsl qadın - özünə hörmət etməli və öz dəyərini bilməlidir. Qadın istəsə kişini rəzil də edər, vəzir də.
- Əsl qadın - özünü təmiz saxlamalı, səliqəsinə fikir verməlidir. Ən vacib dişini təmiz saxlamalı, saçları səliqəli olmalıdır. Gigiyenik qaydalara əməl etməlidir. Sonra həyat yoldaşına qayğı göstərməli, onun da geyimlərinin səliqəsinə baxmalıdır. Yemək bişirərkən həyat yoldaşı ilə məsləhətləşməlidir. Onun sevdiyi şeylərə hörmət etməlidir. Evə gəlmədən qadın yatmamalıdır. Əlbəttə ki, ağlı başında olan, işləyib qazancını evə gətirən kişidən söhbət gedir.
- Əsl qadın - qeybət etməməlidir.
- Əsl qadın - hər bir çətinliyə səbirlə sinə gəlməlidir. Özünə güvənməlidir, heç bir zaman alçalmamalıdır. Hər yerdə öz xanımlığını qorumalıdır. Qadın həm sevməyə, həm sevilməyə, həm də hörmət göstərilməyə layiqdir.
- Əsl qadın - öz həyat yoldaşına sevgiylə yanaşandır. Ailəsinə can yandırmalıdır. Həyat yoldaşı evə gələndə onu şirin dillə qarşılamalıdır. Öz ərindən başqa kimsəyə gözünün ucu ilə belə baxmamalıdır.