Yeni iş yerləri açılacaq...

Azərbaycana xarici sərmayənin cəlb edilməsi, kənd təsərrüfatı və sənaye istehsalının, xüsusilə ixracyönümlü məhsulların həcminin artırılması, hər bir rayonda sənaye zonasının yaradılması, ənənəvi ixrac bazarlarına daha geniş çeşiddə məhsulların çıxarılması və yeni ixrac bazarlarına çıxışın təmin edilməsi, logistik mərkəzlərin yaradılması, aqropark və təsərrüfatların müasir texnologiyalar əsasında qurulması, bölgələrdə məşğulluğun artırılması, yeni iş yerlərinin yaradılmasının istiqamətində işlər davam etdirilir. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinim əməkdaşı Vüsalə Quliyeva "Yeniavaz.com" saytına bildirib ki, bu fikirlər nazirlikdə keçirilən müşavirədə nazir Şahin Mustafayev tərəfindən səsləndirilib.

Qeyd olunub ki, hazırda özünüməşğulluq səviyyəsinin yüksəldilməsi üçün İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə təkliflər hazırlayır.

"Hazırda ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları fəaliyyət göstərir, Mingəçevir və Pirallahı sənaye parklarının təşkili istiqamətində işlər aparılır.

Hazırda 10 rezidenti olan Sumqayıt Kimya Sənaye Parkında bu il 5, gələn il isə 2 müəssisə istifadəyə veriləcək. Mövcud layihələr üzrə rezidentlər tərəfindən sənaye parkına 1,2 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması və 2000-ə yaxın daimi iş yerinin açılması nəzərdə tutulur. Sənaye Parkında istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, "Made in Azerbaijan" brendi ilə xarici bazarlara da ixrac ediləcək. Artıq Sənaye Parkının rezidenti olan "Azertexnolayn" müəssisəsi istehsal etdiyi məhsulun 52%-ni ixrac edib.

Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən ən böyük layihələrdən olan "SOCAR Polimer"in iqtisadi əhəmiyyətindən danışan nazir diqqətə çatdırıb ki, bu layihə Azərbaycanda sahibkarlığın inkişafında xüsusi önəm kəsb edir və burada istehsal olunacaq polipropilen və yüksək sıxlıqlı polietilen ixrac olunmaqla yanaşı, yerli müəssisələrin xammala olan tələbatını ödəyəcək. Nəticədə hazırda idxal olunan yüzlərlə adda məhsul ölkə daxilində istehsal ediləcək.

7 hektar sahəni əhatə edən Balaxanı Sənaye Parkında 22 milyon manat investisiya ilə tullantıların təkrar emalı üzrə 5 müəssisənin bu ilin birinci yarısında fəaliyyətə başlaması və bu müəssisələrdə 400-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sənaye Parkının rezidentləri olan "Ekokat" MMC və "Metak" MMC parkın ərazisində test rejimində fəaliyyətə başlayıblar.

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkına indiyədək 470 milyon dollar investisiya qoyulub ki, bu, 2000 nəfərin daimi işlə təmin olunmasına imkan verir.

Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dən çox yeni iş yerinin açılması gözlənilir. Parkda yaradılacaq müəssisələr üçün xammal bazası, o cümlədən pambıq mahlıcı yerli məhsullar hesabına təmin ediləcəkdir. Bütün bunlar ölkədə ilk dəfə olaraq yüngül sənaye sahəsində klaster yanaşmasının geniş tətbiqinə imkan verəcək".

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsullarının istehsalı sənayesinin yaradılmasıdır: "Bu məqsədlə xüsusi olaraq yaradılmış Pirallahı Sənaye Parkında artıq 2 dərman zavodunun təməli qoyulub. Növbəti zavodun təməlinin isə yaxın vaxtlarda qoyulacağı gözlənilir.

Müşavirədə regionlarda yerli potensiala əsaslanan sənaye zonalarının yaradılması imkanlarının araşdırılması və sənaye parklarının təşkili istiqamətində işlərin davam etdirilməsi barədə müvafiq struktur bölmələrə tapşırıqlar verilib.

Neftçala Sənaye Zonasında 2 müəssisə artıq fəaliyyətə başlayıb, 3 müəssisənin isə bu il fəaliyyətə başlaması nəzərdə tutulur. Masallı Sənaye Zonasının yaradılması istiqamətində müvafiq torpaq sahəsi ayrılıb, layihələndirmə işləri tamamlanıb. Sənaye zonasına sahibkarlar tərəfindən böyük maraq göstərilir və artıq onlar tərəfindən dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub".

Hacıqabul və Ağdam rayonlarında da sənaye zonalarının yaradılması imkanlarının araşdırılmasının qısa müddətdə başa çatdırılması barədə Nazirliyin aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib: "İnvestisiya təşviqi mexanizmi uğurla həyata keçirilir və indiyədək sahibkarlar tərəfindən verilmiş 140-a yaxın investisiya təşviqi sənədi üzrə 1,2 milyard manatlıq investisiya qoyuluşu və 8 min iş yerinin açılması nəzərdə tutulur. Artıq investisiya təşviqi sənədi verilmiş 45 layihə reallaşdırılıb. Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi tədbirləri daim diqqətdə saxlanılacaq. Hazırda 24 rayonda 32 aqroparkın, o cümlədən 12 heyvandarlıq kompleksinin, 20 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər aparılır.

Hazırkı dövrdə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, ixrac məhsullarının çeşidinin və həcminin artırılması, ixrac coğrafiyasının genişləndirilməsi prioritet istiqamətlərdəndir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidentinin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlət başçısı mühüm tapşırıqlar verib. İndiyədək "Made in Azerbaijan" brendinin təşviqi ilə bağlı Honq Konq da daxil olmaqla Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə 7 ixrac missiyası həyata keçirilib. Növbəti ixrac missiyası isə aprelin 23-də Qazaxıstana yola düşüb.

Prezident İlham Əliyevin qeyri-neft ixracatçılarının respublika müşavirəsində ən yaxşı potensial bazar olan ölkələrə ixrac missiyalarının təşkili, dünyanın aparıcı sərgilərində iştirakın təmin edilməsi barədə tapşırıqlarının icrası məqsədi ilə 2017-ci ildə Rusiya, ABŞ və digər ölkələrə ixrac missiyaları təşkil olunacaq, "World Food Moscow", "Anuga", "Honq-Konq Beynəlxalq Şərab və Spirtli İçkilər" sərgilərində Azərbaycan məhsullarının vahid ölkə stendində nümayiş olunması təmin ediləcəkdir. Dövlət başçısının tapşırığına əsasən, bir sıra ölkələrlə yanaşı, böyük ölkələrin bölgələrinə də ixrac missiyalarının təşkili istiqamətində təhllilər aparılır.

Bununla yanaşı, ixracın stimullaşdırılması məqsədilə sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3%-dən 6%-dək büdcə vəsaitləri hesabına təşviq verilir. Bu ilin I rübündə İqtisadiyyat Nazirliyinə bu istiqamətdə 84 müraciət daxil olub və Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixrac olunmuş kənd təsərrüfatı və sənaye məhsulları üzrə 520 min manatdan çox ixrac təşviqi ödənilib. Dövlət başçısının ixracın təşviqi üzrə müəyyənləşdirdiyi hədəflərə nail olmaq məqsədi ilə iqtisadiyyat naziri bu istiqamətdə işlərin davam etdirilməsi və daha da genişləndirilməsi barədə Nazirliyin müvafiq strukturlarına göstərişlər verib.

Eyni zamanda, ixrac bazarlarında ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi məqsədilə dövlət başçısının müvafiq Fərmanına əsasən, səfirlik və konsulluqlarda ticarət nümayəndələrinin təyin edilməsi ilə bağlı tədbirlərin icrası davam etdirilir, Azərbaycanın ilk ticarət nümayəndəsi qeyri-neft məhsulları üzrə əsas ticarət tərəfdaşımız olan Rusiya Federasiyasına təyin olunub.

Belarusda Azərbaycan Ticarət Evi yaradılması işləri tamamlanmaq üzrədir və bu yaxınlarda fəaliyyətə başlayacaqdır. Ukraynada da bu istiqamətdə işlər aparılır. Müşavirədə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Rusiya, Qazaxıstan, Asiya qitəsi və Körfəz ölkələrində də Azərbaycanın Ticarət Evlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə müvafiq göstərişlər verilib".

Vurğulanıb ki, Yevlaxda keçirilmiş qeyri-neft ixracatçılarının respublika müşavirəsində Prezident İlham Əliyev meyvə-tərəvəz məhsullarının, fındıq, badam, zeytun yağı, şəkər çuğunduru, ipək istehsalının və ixracının artırılması, pambıqçılığın, tütünçülüyün, xalçaçılığın inkişaf etdirilməsi, yun emalının təşkili, şərab zavodlarının tam gücü ilə işləməsinin təmin olunması, mineral suların ixracının genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasına dəstəyin davam etdirilməsi, özünü təminat səviyyəsinin yüksəldilməsi, balıqçılıq sənayesinin yaradılması istiqamətində mühüm vəzifələr müəyyənləşdirib.

Şahin Mustafayev Nazirliyin müvafiq struktur bölmələrinə ixracyönümlü yerli istehsalın dəstəklənməsi istiqamətində tədbirlərin gücləndirilməsi barədə tapşırıqlar verib. Qeyd edilib ki, hazırda şərabçılığın inkişafı və stimullaşdırılması ilə bağlı təkliflər hazırlanır.

Müşavirədə yun tədarükü müəssisələrinin yaradılması ilə bağlı tədbirlərin görülməsi, xalçaçılığın inkişafına xüsusi diqqət göstərilməsi, eləcə də qeyri-neft ixracının artırılmasında əhəmiyyəti nəzərə alınmaqla qablaşdırma sahəsində mövcud istehsal sahələrinin genişləndirilməsi və yeni müəssisələrin yaradılması imkanlarının araşdırılması barədə tapşırıqlar verilib.

Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması da mühüm yer tutur. Bununla əlaqədar ölkəmizin tranzit imkanlarının genişləndirilməsi istiqamətində önəmli işlər görülüb. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi, eləcə də Azərbaycan və İran sərhədində dəmir yolu məntəqələrinin birləşməsi üzrə nəzərdə tutulan inşaat işləri ölkəmiz tərəfindən sürətlə icra edilib. Hazırda İran ərazisində Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr aparılır. Bu layihənin icrasından sonra Fars körfəzindən Rusiyaya, eləcə də Şərqi və Şimali Avropa ölkələrinə yüklərin daşınması daha səmərəli olacaq, Şimal-Cənub dəhlizinin Azərbaycandan keçməklə infrastukturu tam təmin olunacaq. Müşavirədə qeyd edilib ki, ötən ilin dekabrında Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı İrana yola salınıb ki, bu, Azərbaycanın tranzit imkanlarının daha da artırılmasına, eləcə də blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının inkişafına öz töhfəsini verəcəkdir.

Dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında konkret icraçısı və icra müddəti göstərilməklə Nazirliyin struktur bölmələrinə tapşırıqlar əksini tapıb.

DİGƏR XƏBƏRLƏR

Top