Xəzərdə dalğanın hündürlüyü 7 metrə çatacaq - 204 neftçi təxliyə olundu

Bir neçə gündür ölkədə küləkli hava şəraiti müşahidə olunur. Külək nəticəsində bəzi rayonlarda elektrik enerjisinin verilişində problem yarandığı, ağacların qırıldığı, bir sıra obyektlərin dam örtüyünə ciddi ziyan dəydiyi bildirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeniavaz.com" saytına verilən məlumata görə, aprelin 25-də gün ərzində Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb, şimal küləyinin əsəcəyi gözlənilir.

Bəs gözlənilən küləkli hava şəraiti ilə əlaqədər neftçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hansı tədbirlər görülüb?

"Azneft" İstehsalat Birliyindən saytımıza bildirilib ki, aprelin 24 və 25-də açıq dənizdə küləyin sürətinin arabir 34 m/s, dalğanın hündürlüyünin 3-5, bəzən 5-7 metr olacağı gözlənilir: "Bununla əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə "Azneft" İstehsalat Birliyi tərəfindən dəniz NQÇİ-lərinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib. Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, təhlükəli işlərin məhdudlaşdırılması bütün sahələrə yazılı və şifahi formada tapşırılıb. İdarə aparatı və sahələrdə növbətçilik təşkil olunub.

Vacib olmayan işçilərin özüllərdən çıxarılması həyata keçirilib. Belə ki, müxtəlif sahələrdən ümumilikdə 204 nəfər işçi təxliyə olunub. Hava şəraitindən asılı olaraq estakada və estakadayanı meydançalarda hərəkət məhdudlaşdırılacaq və vacib olmayan işçilər vaxt yaşayış məntəqəsinə təxliyə olunacaq. Hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir".

Qeyd edək ki, hava şəraitinin aprelin 26-dan etibarən sabitləşəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top