Ermənistanın iki siyasi gücü- Respublika Partiyası və Ermənistan İnqilab Federasiyası Daşnaksutyun koalisiya haqqında anlaşma imzalamağa hazırlaşırlar. "Yeniavaz.com"un nevvsarmenia.am-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Ermənistan Təbiəti mühafizə naziri Artsvik Minasyan deyib. Onun sözlərinə görə, danışıqlar hazırda yekun mərhələsindədir və yaxın günlərdə tərəflər koalisiya haqqında birgə bəyanatla çıxış edəcəklər: "Belə hesab edirəm ki, parlamentin ilk iclasına kimi koalisiya haqqında anlaşma imzalanacaq".
Minasyan qeyd edib ki, 2016-cı ilin fevralında iki siyasi ğüc arasında əməkdaşlıq barədə müvafiq anlaşma imzalanmışdı. Ancaq indi bu anlaşmanın bəzi müddəaları barədə yeni razılıq əldə ediləcək. Minasyan bununla belə anlaşmada koalisiyada Daşnaksutyuna hansısa nazir vəzifəsinin verilməsi barədə müddəanın nəzərdə tutulmadığını da söyləyib: "İki siyasi partiyanın koalisiyada birləşməsi ölkədə islahatların həyata keçirilməsində önəmli rol oynayacaq".