Kəmaləddin Heydərov: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Qətərin mövqeyini yüksək qiymətləndirir"

Qətərin milli bayramı münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi qəbul təşkil edib. Qəbulda çıxış edən Qətərin Azərbaycandakı səfiri Yusif Əl Saai bildirib ki, iki dövlət arasında yüksək səviyyədə əməkdaşlıq əlaqələri mövcuddur. Səfirin sözlərinə görə, Qətər əmirinin bu il Azərbaycana səfəri iki ölkə arasında iqtisadiyyat və investisiya sahəsindəki əlaqələrin daha da inkişafına təkan verib: "Ümid edirəm ki, bu əlaqələr gələcəkdə daha da möhkəmlənəcək. Həmçinin ümid edirik ki, Azərbaycan prezidentinin gələn ilin əvvəlində Qətər dövlətinə nəzərdə tutulan səfəri iki ölkə arasında iqtisadiyyat və investisiya sahəsindəki əlaqələri gücləndirərək münasibətlərin inkişafına töhfə verəcək".

Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan tərəfindən həmsədri, fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə Qətər dövlətini milli gün münasibəti ilə Azərbaycan xalqı və Prezident İlham Əliyev adından təbrik edib. O bildirib ki, iki ölkə arasında əlaqələr dostluq və əməkdaşlıq sahəsində xoş ənənələrə söykənir: "Əlaqələrin əsası 1994-cü ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulması ilə qoyulub. İki ölkə arasında gerçəkləşən yüksək səviyyəli qarşılıqlı səfərlər bu əlaqələrin inkişafına xidmət edir. 2004-cü ildə Azərbaycan prezidentinin Qətər dövlətinə ilk rəsmi səfəri iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafına təkan verib. Bu il Qətər əmirinin Azərbaycana səfəri və imzalanan razılaşmalar əlaqələrin sürətli inkişafı üçün zəmin yaradıb. Hər iki ölkə həmçinin beynəlxalq təşkilatlarda bir-birinə dəstək göstərir. Biz Qətərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndiririk. Əlaqələrin inkişafı üçün daha da böyük imkan var. Gələn il keçiriləcək Birgə İqtisadi Komissiyasının iclası əlaqələrin daha inkişafına xidmət edəcək".

APA

DİGƏR XƏBƏRLƏR

Top