Belarus Litvanı hərbi güc tətbiq etməklə hədələdi

Belarus ölkənin hava məkanını təkrar pozacağı təqdirdə hərbçilərin güc tətbiq edəcəyi barədə Litvaya xəbərdarlıq edib. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə qoşunlarının komandanı Oleq Dviqalev bəyan edib. Onun sözlərinə görə, aprelin 19-da Litvaya məxsus mülki təyyarə Belarus hava məkanına daxil olaraq tikilməkdə olan atom stansiyası yaxınlığldan uçuş edib: “Biz beynəlxalq hüququn normalarına və Belarus qanunvericiliyinə uyğun olaraq həmin təyyarəyə qarşı güc tədbirləri görmədik”. O. Dviqalev Litva ilə mehriban qonşuluq əlaqələrinin olduğunu qeyd edib, lakin əlavə edib ki, Vilnüs sazişlərin icra edilməsinin əhəmiyyətini başa düşməlidir: “İnanmaq istərdik ki, bu, xüsusi planlaşdırılmış aksiya deyil, pilotun bilmədən etdiyi səhvdir. Ümid edirik ki, Litva tərəfi bunu təsdiq edəcək”. Belarus hərbçiləri təkid edirlər ki, pozuntuya haqq verəcək heç bir şərait olmayıb.

Xatırladaq ki, aprelin 22-də Belarus Xarici İşlər Nazirliyi (XİN) Litva səfiri Andryus Pulokasa nota təqdim edib. Buna səbəb Litvaya məxsus təyyarənin Belarus dövlət sərhədini pozmasıdır. Bununla əlaqədar Litvanın Belarusdakı səfiri A. Pulokas Belarus XİN-ə çağrılıb. Görüş zamanı Litvanın diplomatik missiyasının rəhbərinə nota təqdim edilib. Belarus XİN-in məlumatına görə, Litva tərəfindən aprelin 19-da dövlət sərhədinin pozulması faktı qeydə alınıb. Litvaya məxsus təyyarə Belarus ərazisinin 8 kilometrədək dərinliyinə daxil olub və 3 dəqiqədən sonar ölkənin hava məkanını tərk edib.

DİGƏR XƏBƏRLƏR

Top