
İŞİD terror qruplaşması “paytaxt”ını Raqqadan Deyr əz-Zora köçürüb. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ Müdafiə Nazirliyindəki mənbə deyib. Onun sözlərinə görə, buna səbəb Vaşinqtonun dəstəklədiyi silahlı dəstələrin Raqqaya hücumlarının və şəhərə endirilən hava zərbələrinin artmasıdır. Amerikalı hərbçilər pilotsuz uçuş aparatlarının köməkliyi ilə müşahidə ediblər ki, son iki ay ərzində Raqqanı İŞİD-in yüzlərlə “bürokratı” tərk edib. Onlar Deyr əz-Zorun cənubunda Fərat çayı sahilində yerləşən Meyadin şəhərinə yollanıblar. Qeyd edilir ki, yaxın gələcəkdə ABŞ-ın başçılıq etdiyi koalisiya Raqqaya daha aktiv hücum etməyi planlaşdırır və şəhər uğrunda döyüş qaçılmazdır, lakin İŞİD “hökuməti” Raqqada artıq yoxdur.
Qeyd edək ki, Suriyanın şimalında yerləşən Raqqa şəhəri 2014-cü ildə İŞİD silahlıları tərəfindən tutulub və qruplaşmanın qeyri-rəsmi paytaxtı hesab olunur. Deyr əz-Zor ölkənin şimal-şərqində, Raqqadan 130 kilometr aralıda yerləşir.
Tətbiqimizi yükləyə bilərsiniz