
Bu ayın sonuna kimi İranla Gürcüstan arasında imzalanan qaz alqı-satqısı barədə anlaşmanın reallaşması üçün tədbirlər həyata keçiriləcək. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bunu mətbuata açıqlamasında İran Xarici işlər nazirliyinin MDB ölkələri və Qafqaz idarəsinin rəhbəri Qolamrza Baqeri Moqaddam deyib: "Gürcüstan İrandan qaz alınması barədə anlaşma imzalayıb. Ancaq hələlik bu anlaşma reallaşmayıb. Məsələ ilə bağlı bizə Gürcüstandan bildirilib ki, bu ay ərzində qaz alqı-satqısı barədə anlaşmanı reallaşdırmaq niyyətindədirlər".
Xatırladaq ki, ötən ilin iyul ayında İran milli qaz eksport kompaniyasının direktoru Alirza Kameli ilə Georgian İnternational Energy Corporation özəl kompaniyası arasında 40 milyon kubmetr qaz alqı-satısı barədə anlaşma imzalanıb. Öz növbəsində Gürcüstan Energetika nazirinin müavini Mariam Valiaşvili ötən il bildirmişdi ki, bu məsələdən xəbərsizdir və ölkəsi rəsmi dövlət səviyyəsində İranla qaz alqı-satqısı barədə hər hansı anlaşma imzalamayıb. Xatırladaq ki, Georgian İnternational Energy Corporation özəl kompaniyadır və anlaşma onun rəhbərinin şəxsi təşəbbüsü çərçivəsində imzalanıb. Ancaq bu qazın hansı marşrutla Gürcüstana nəql ediləcəyi hələlik məlum deyil.
Tətbiqimizi yükləyə bilərsiniz