“Şimali İrlandiya ilə oyun həll edəcək ki, bizim qrupdan çıxma şansımız var, ya yox"

Futbol üzrə Azərbaycan milli komandası Şimali İrlandiya ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçının hazırlıq prosesinə mayın 15-də başlayacaq. Bu barədə jurnalistlərə yığmanın baş məşqçisi Robert Prosineçki məlumat verib.

Xorvatiyalı mütəxəssis bildirib ki, mayın 20-də Avstriyaya təlim-məşq toplanışına yollanacaqlar. Onun sözlərinə görə, hazırlıq prosesi çərçivəsində iki yoldaşlıq görüşü keçirməyi planlaşdırırlar: "Avstriyada yoldaşlıq oyunları keçirməyə 2 rəqib axtarırıq. İstəyirik ki, onlar Şimali İrlandiyanın oyun üslubuna uyğun çıxış edə bilsinlər. Təəssüf ki, seçim imkanımız elə də böyük deyil. Rəqiblər nə qədər güclü olsa, bizim üçün o qədər yaxşıdır. Hələlik danışıqlar aparırıq. Məsələ 100 faiz dəqiqləşəndən sonra adlarını açıqlayacağıq. İnanıram ki, maraqlı oyuna şahidlik edəcəyik. İyunun 3-də Bakıya qayıdacağıq".

R.Prosineçkinin fikrincə, Şimali İrlandiya ilə qarşılaşma Azərbaycan üçün ən vacib oyundur: "Hazırda bütün fikirlərimiz Şimali İrlandiya ilə oyuna yönəlib. Bu oyun həll edəcək ki, bizim qrupdan çıxma şansımız var, ya yox... Ona görə də görüşə ciddi hazırlaşmalıyıq".

Yığmanın baş məşqçisi IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət yığmasının oyunlarını izləyəcəyini də diqqətə çatdırıb: "Bu komandanın baş məşqçisi Yaşar Vahabzadə ilə danışmışam. O, əsas millidən öz komandasına bir neçə oyunçu götürüb. Azərbaycanın İslamiadada yaxşı səviyyədə təmsil olunmasını istərdik. Fikrimcə, əsas millidən götürülən oyunçular U-23 yığmasına kömək edə bilərlər. Bu komandanın qrupdakı bütün oyunlarını izləyəcəyəm. İlk oyun mayın 8-də Kameruna qarşıdır. Bu, maraqlı oyun olacaq".

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya matçı iyunun 10-da "Bakcell Arena"da keçiriləcək. report

DİGƏR XƏBƏRLƏR

Top