Yabanı bitkini toplamaq xüsusi bacarıq tələb edir. Əlcəksiz onu az-az insan dərə bilər. Söhbət yaz aylarında axar su hövsələrində yayılan gicitkəndən gedir. Goranboyun Qızılhacılı kəndində sakinlər yabanı otun yığımına başlayıb. Uşaqdan böyüyə qədər hər kəs gicitkəni toplayıb ondan həm müalicə, həm də qida vasitəsi kimi istifadə edirlər. Kənd sakinlərindən biri Naibə Əhmədova "Yeniavaz.com" saytına bildirib ki, uzun illərdir yabanı bitkidən müxtəlif dərmanlar hazırlayır: "Gicitkən revmatizma, böyrək ağrıları, bədəndə olan duzların əridilməsində böyük əhəmiyyətə malikdir. Adi halda da bu bitkinin qabığını ehtiyyatla soyub zoğ hissəsini də yemək daha yaxşıdır. Hətta kəpəksiz saçlara sahib olmaq istəyənlər gicitkəni qaynadıb suyu ilə başlarını yuya bilərlər".
Digər kənd sakinləri onu da dedilər ki, mütəxəssislər yabanı halda bitən bu yaşıl bitkini "Mendeliyev cədvəli" adlandırırlar. Tərkibi vitaminlərlə zəngin olan gicitkən min bir dərdin dərmanı hesab edilir.
Esmira Hidayətova, Goranboy