"Eyni şirkət işçilərinə Azərbaycanda başqa, Rusiyada başqa münasibət göstərir"

"Eyni bir xarici şirkət həm Azərbaycanda, həm də Rusiyada fəaliyyət göstərir və bu ölkələrdə işçilərə qarşı olan münasibət də fərqlidir. Rusiyada bu ölkənin qanunvericiliyinə uyğun olaraq işçinin Əmək müqaviləsində və haqq-hesab sənədlərində işçinin əmək haqqı, əmək haqqına əlavələr və mükafatlar konkret göstərilməklə ödənilir. Bizim işçilərin Əmək müqaviləsində və haqq hesab sənədlərində isə əsas tarif maaşı və bonus (mükafat) adı altında hansısa bir məbləğ göstərilir və bildirilir ki, bu bütün ödənişləri, o cümlədən də əlavə ödənişləri əvəz edir. "Yeniavaz.com" xəbər verir ki, bu barədə hüquqşünas Azər Quliyev məlumat verib.

A. Quliyev bildirib ki, qeyd olunan qanunsuzluqlar əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirilməli olan Dövlət Əmək Müfəttişliyi Xidmətinin və ictimai nəzarəti həyata keçirilməli olan Həmkarlar İttifaqının gözü qarşısında baş verir.

Hüquqşünas bir maraqlı məqama da toxunub: "Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir".

Hüquqşünas bildirib ki, bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan təhqiqat barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

"İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. İşçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir",-deyə ekspert bildirib.

DİGƏR XƏBƏRLƏR

Top