
Artıq 16 yaşayış binasının tikintisinə başlanılıb, aprel ayı ərzində daha 7 binanın tikintisi start götürəcək.
Bir neçə gündən sonra güzəştli mənzilləri almaq üçün müraciətlər qəbul olunacaq. İctimaiyyətdə Yasamal rayonu ərazisində hazırda tikintisi davam etdirilən bu sosial evlərə maraq olduqca yüksəkdir. Bunu məlumatlandırma mərkəzlərinə müraciətlərin çoxluğundan və sosial şəbəkələrdəki fikirlərdən də görmək olar.
May ayından etibarən artıq sosial mənzil almaq istəyənlər Bakıda 1, 3 və 5 saylı “ASAN Xidmət”lərə və eləcə də Sumqayıt “ASAN Xidmət”ə müraciət edə bilərlər. Müraciət sistemi 2 mərhələli olacaq. Mayın 1-dən başlanan 1-ci mərhələdə qeydiyyat prosesi həyata keçiriləcək. Daha sonra sosial ev almaq hüququna malik olan və qeydiyyatdan keçənlər sosial ev almaq üçün müraciətə dəvət ediləcəklər.
Bəs hazırda sosial mənzillərin tikintisi nə yerdədir? Məsələ ilə bağlı məlumat öyrənmək üçün mənzillərin tikildiyi əraziyə yollandıq. Müşahidə etdik ki, burada qızğın iş aparılır. Fəhlələrlə söhbətimiz zamanı onlar bildirdilər ki, dayanmadan çalışırlar. Onlar bu gedişlə ilk mənzillərin gələn ilin yay ayında hazır olacağını söylədilər. Elə biz özümüz də bunun əyani şahidi olduq ki, ərazidə texnikalar çalışır, ustalar qızğın işlə məşğuldurlar.
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətindən də bildirdilər ki, agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir:
“Ümumilikdə qanunvericilikdə nəzərdə tutulmuş dövlət ekspertiza və tender prosedurları başa çatdırılaraq artıq 16 yaşayış binasının tikintisinə və elektrik xətlərinin çəkilməsinə başlanılıb. Aprel ayı ərzində daha 7 binanın tikintisi, su və kanalizasiya sisteminin qurulması işləri ilə əlaqədar tender prosedurları başa çatdırılacaq və dərhal tikintisinə başlanılacaq. Ümumi sahəsi 11,6 hektar təşkil edən Yasamal Yaşayış Kompleksi 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 12-si birbloklu 12 mərtəbəli, 17-si isə ikibloklu 9 mərtəbəli olacaq. Kompleksin tikintisi başa çatdıqdan sonra ümumilikdə 1843 ailəni yeni mənzillə təmin etmək imkanı yaradılacaq. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq. Eyni zamanda ərazidə 960 yerlik ümumtəhsil məktəbi ilə yanaşı, 240 yerlik uşaq bağçası, ticarət mərkəzi, habelə müvafiq ictimai iaşə, məişət və digər xidmət obyektlərinin tikilərək istifadəyə verilməsi nəzərdə tutulur”.
MİDA-nın mətbuat xidmətindən bildirilib ki, agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin və “ASAN xidmət”in əməkdaşlığı nəticəsində bu günə qədər ümumilikdə 19 mindən çox vətəndaşa xidmət göstərilib: “Onlar ”ASAN xidmət" mərkəzlərinə müraciət edərək, həmçinin “108" Çağrı mərkəzinə zəng edərək güzəştli mənzilin əldə edilməsi ilə bağlı onları maraqlandıran suallara cavab tapıb, ətraflı məlumat əldə edə biliblər. Hazırda "Güzəştli mənzil" elektron sisteminin əsasnaməsinin hazırlanması istiqamətində işlər davam etdirilir. “MİDA” MMC-nin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə may ayından etibarən “Elektron hökumət” portalında (www.e-gov.az ttp://www.e-gov.az/) çalışacaq “Güzəştli mənzil” sistemi 2 pilləli olacaq: 1-ci mərhələdə sözügedən elektron sistem vətəndaşın müraciətinin qeydiyyata alınmasını, onun müvafiq kateqoriyaya aid olduğu təsdiqləndikdə vətəndaşın şəxsi elektron kabinetinin yaradılmasını təmin edəcək. Elektron kabinetə sahib olmuş vətəndaş güzəştli mənzil almaq hüququnu əldə edir.
2-ci mərhələdə vətəndaş satışa çıxarılan mənzillər barədə KİV-də tanış ola biləcək elanlarla yanaşı, şəxsi elektron kabineti vasitəsilə də bildirişlər alacaq, mənzillərin yerləşdiyi yaşayış kompleksi, binalar və mənzillərin interyeri ilə virtual tanış olmaq və seçim etmək imkanını əldə edəcək".“Yeni Müsavat”

Tətbiqimizi yükləyə bilərsiniz