Prezident İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırılandan sonra ərazidə söküntü işlərinə başlanılıb.
Ərazi Bakı Şəhər İcra Hakimiyyətinin xəbərdarlığı olan dəmir lövhələrlə bağlanıb. Xəbərdarlıq löhvələrində burada Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mədəniyyət və istirahət parkının salındığı qeyd olunub.
Tikintiyə əvvəlcədən sərəncam vermiş dövlət qurumunun səlahiyyətli şəxslərinin cəzalandırılıb-cəzalandırılmadığı barədə isə hələ ki, hər hansı məlumat yoxdur. İctimaiyyət arasında belə bir sual səsləndirilir ki, bəs o tikintiyə icazə verənlər niyə hesab vermirlər?
"Onların istəyinin arxasında maliyyə istəyi, nəfsin itiliyi durur"
Mövzu ilə bağlı "Yeniavaz.com" saytına açıqlama verən millət vəkili Fəzail İbrahimli dedi ki, həmin ərazidə tikintiyə icazə vermiş şəxslər güzəştsiz, ağır cəza verilməlidir: "Əvvəla onu deyim ki, Prezidentin bu addımı alqışalayiqdir. Ərazidə yaşıllığı nəzərə almadan bina tikilməsinə icazə sənədi verənlərin istəyinin arxasında maliyyə istəyi, nəfsin itiliyi durur. Cənab Prezidentin bu hərəkəti cəmiyyətin ürəyindəndir, orada yaşayan insanların ürəyindəndir, bir qrup cibsökənlərin mənə elə gəlir ki, cəzalandırılmasına doğru yönələn addımdır".
"Güzəştsiz cəza verilməlidir"
Millət vəkilinin dediyinə görə, həmin şəxslərin cəzalandırılması istiqamətində addım atılması cəmiyyət üçün kifayət qədər ürəkaçan olardı: "Mən də həmfikirəm ki, bu addımları atanlar cəzalanmalıdır. Ulu öndər Heydər Əliyev deyirdi ki, Bakıda bir ağacın kəsilməsi mənim qolumun kəsilməsi deməkdir. Bu cür qəsd sahibləri kifayət qədər ciddi cəzalandırılmalıdır. Mən deyərdim ki, bunlara güzəştsiz cəza verilməlidir, ağır cəza verilməlidir. Canavara nə qədər yem versən, dönüb meşəyə baxır. İndi bu başqalarına mesaj olacaq, olmayacaq bunu demək çətindir. Amma cəmiyyət üçün kifayət qədər ürəkaçan bir sərəncam, tədbir, addım olardı".
"Onlarda mədəniyyət formalaşmalıdır ki, dağıtmaq yox, qurmaq lazımdır"
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov deyir ki, həmin ərazidə parkın salınması üçün dövlətin büdcəsindən pul ayrılmasına ehtiyac yoxdur: "Tikintiyə icazə sənədi verənlər cərimə edilməlidir. Həm sərəncamı verən, həm də yaşıllığın qırılmasına göz yuman o qurumlar hamısı cəzasını almalıdır. Park həmin məmurların öz pulları ilə tikilməlidir. Park onların pulu ilə salınmalıdır. Çünki onlar buna icazə veriblər, şərait yaradıblar. Zəhmət çəksinlər, o yaşıllığı yenidən yaratsınlar, park salsınlar. Onların borcudur bu. Ehtiyac yoxdur orada park salınması üçün dövlətdən pul ayrılsın. Çünki məmurlar özləri qanunu pozublar. Belə lap ədalətli olar. Bu bir təklif deyil, mənə elə gəlir ki, dövlət məhz belə addım atmalıdır. Büdcədən nə qədər pul ayırmaq olar? Kim oranı dağıdıb, zəhmət çəksin öz puluna da bərpa eləsin. Bu, sözsüz həm də digərlərinə nümunə olar. Onlarda mədəniyyət formalaşmalıdır ki, dağıtmaq yox, qurmaq lazımdır. Bəsdir dağıtdınız".
"Tikinti şirkəti ağacları özbaşına qırmayıb"
Hüquqşünas Qaçay Şahbazov dedi ki, tikinti təşkilatı ağacları özbaşına qırmayıb: "Əlbəttə, tikinti təşkilatı ağacları özbaşına qırmayıb, onlara icazə veriblər. Bu işin əsl günahkarları da cəzalandırılmalıdır. Tikintiyə icazə verənlər əvvəlcədən bilməli idilər ki, hansı sahədə tikintiyə icazə verilir, ağacların qırılması ekoloji baxımdan arzuolunmaz bir hərəkətdir. Ona görə də hesab edirəm ki, tikintiyə icazə verən şəxslər əvvəlcədən verəcəkləri qərar haqqında daha ətraflı fikirləşməli, daha optimal, heç kəsə və heç nəyə ziyan gətirməyən qərar qəbul etməli idilər. Onların bu hərəkəti arzuolunmazdır. Hər bir məsələnin dəqiq araşdırılması və daha ədalətli, düzgün, qanunauyğun qərar qəbul edilməsi hər bir icra orqanının ən mühüm vəzifələrindən biridir".
Nicat