Xoşagəlməz mövzuda yazı

Şad xəbəri çatdırmağa hamı hazırdır və buna sevinir!

Bəd xəbəri kiməsə verməkdə çətinlik, bəzən əzab çəkməli olursan!
Amma nə etməli, dünya belə dünyadır, onun sevinci də, faciə və fəlakəti də təbii sayılır.
Və bir də “xoşbəxtliklə bədbəxtlik qardaşdır” demişlər.

Hər bir jurnalist xoşagələn, “müsbət emosiya doğuran” yazılar yazmağa, necə deyərlər, “reytinq” qazanmağa çalışır!
Amma nə etməli, pislərdən, xoşagəlməyən hadisələrdən də yazılmalıdır və yazmalıyıq!
Jurnalistləri müxtəlif mövzular və məsələlər üzrə ixtisaslaşdırmaq olar. Amma redaksiya daxilində “yaxşılardan” və “pislərdən” yazanları ayırmaq mümkün deyil!
Bir vətəndaş və jurnalist kimi məni ən çox qayğılandıran və narahat edən nədir?
***
Elə bil son dövrlər insanlar həddindən çox qəddarlaşıblar və zalım olublar!
Bunu özümdən demirəm, qəzet və internet saytlarında geninə-boluna verilən kriminal xəbərlər göstərir.
İNSANLAR:
Doğmalarına qarşı qəddar olublar!
Yaxınlarına qarşı qəddar olublar!
Bir-birlərinə qarşı qəddar olublar!
Özlərinə qarşı qəddar olublar!
Nədir bunun əlamətləri?
Oğul atanı, ata oğulu öldürür!
Oğul anaya əl qaldırıb onun canına qıyır!
Qardaş qardaşın qarnına bıçaq soxur!
Qardaşın bacısını öldürməsi zaman-zaman rast gəlinən haldır. Hər dəfə “namus üstündədir” deməklə “mental haqq” qazandırmağa çalışırlar. Amma əgər qardaş hansı səbəbdənsə ərindən boşanmış, tək və ya körpə uşaqla evsiz, işsiz qalmış, yeməyə çörəyi, geyinməyə paltarı, yaşamağa yeri olmayan bacısına sahib çıxıb onu evində oturdaraq təmin etmirsə, taleyin ixtiyarına buraxırsa, onu həyatdan məhrum etməyə mənəvi haqqı çatırmı? (Bu məqamda mənim düzgün başa düşülməmi xahiş edirəm!).
Hərdən oğulun atasını öldürdüyünü eşidən bəziləri “yəqin, onun həqiqi atası deyilmiş” “diaqnoz”u ilə hadisəyə şübhə toxumu səpirlər. Nə deyəsən? Həyatda hər şey mümkündür! Amma əgər o insan sənə atalıq, sən isə ona oğulluq etməklə bir dam altında yaşayıb, bir süfrədə çörək yemisinizsə, axı bu da doğmalıq sayılır!
***
Bəs anasını öldürənə nə deyəsən? Qarnından çıxdığın, döşündən süd əmdiyin insana “ögey” deyə bilməzsən axı!..
Anaya müqəddəs deyiblər!
“Ananın borcunu qaytarmaq mümkün deyil”, - söyləmişlər!
Axı sən müqəddəs varlığın qanını necə axıda bilirsən?
Axı ananın “borcu”nu belə qaytarmırlar!
Lap həbsxanada yat çıx, get tövbə elə!
Səni nə Tanrı, nə də kimsə bağışlar!
Əlli “səbəb” və ya “bəhanə” gətir!
Heç kim qəbul etməz!
Bu dünyan da, o dünyan da cəhənnəm olacaq!
Ana öz övladının istənilən qəbahətini və cinayətini, hətta digər doğmaların bağışlamadığı cinayətini bağışlayır, onu atmır, tək-tənha qoymur!
Özü danlasa da, özü qınasa da!
Ananı öldürənin cinayətinə isə heç bir şüurlu məxluq bəraət verməz!
Ən yırtıcı vəhşi heyvanlarda da “bala qoruma instinkti” olur. Balasını qorumaq üçün bəzən heyvan özündən güclüsü ilə ölüm-dirim vuruşuna girir. Ya ölür, ya xilas edir.
Mümkün olmadıqda isə kənardan baxaraq göz yaşı tökür.
***
Arvadından “qisas” almaq üçün doğma oğlunu çəkiclə döyüb öldürən ataya nə ad verəsən?!
Lap heç sənin doğman deyil!
Körpə uşağı çəkiclə necə qətlə yetirmək olar? Adamın əti ürpəşir.
Gərək nə olasan ki, bu qeyri - (yazmağa söz tapmıram) əməli törədəsən.
O “ata” bilmir ki, cəhənnəmin qır qazanında başına nə qədər çəkic zərbəsi dəyəcəkdir!
***
Bir yerdə yeyib içdikdən sonra iki dostun birinin digərini qətlə yetirməsi də “dəbə” minib!
Siz necə dostsunuz, bir süfrədəki çörəyi necə kəsirsiniz?!
Doğrudanmı “yüz qram araq” illərin dostluğunu belə tez zamanda “yox etmək” gücündədir?
Doğrudanmı çörək yeyən zaman bir-birinizin şəninə dostluqdan, mehribanlıqdan, sədaqətdən, kişilikdən dediyiniz tostlar belə tez unudulur?
Doğrudanmı çəp gələn sözü bıçaqdan başqa heç nə ilə “düzəltmək” mümkün deyil?
***
Yaxud, ay qardaş, arvadı boşadın, qurtardı getdi!
Əgər onu sevirdinsə, boşama!
Əgər onsuz yaşaya bilmirsənsə, boşama!
Əgər təzədən barışıb bir dam altında yaşayacaqsansa, boşama!
Bu da təzə “dəblər”dəndir! Arvadı boşayır, sonra gəlir qətlə yetirir!
Təzədən ayılmısan?
Əgər əyri yola düşmüşdüsə, boşadın, qurtardı getdi!
Əgər sən boşayandan sonra əyri yola gedirsə, sənə nə dəxli?
Axı sənin namusun sayılmır! İkincisi, arvadı boşayandan sonra bilmirsən nə istəsə edəcək, hara istəsə gedəcək, kiminlə istəsə telefonla danışacaq?!
Sonradan qeyrətə gəldin?!
Özün getdin həbsə, keçmiş arvadını da yola saldın o biri dünyaya! Bəs ortada qalan uşaq(lar) nə etsin?
Onu kim saxlayacaq?
Taleyi necə olacaq?
Kim baxacaq, kim böyüdəcək, kim ailə edəcək?
Hələ arvad bir yana, ortalıqda qalan övladlarının günahını çəkə biləcəksənmi?
***
Bəzən bir gündə bir neçə intihar xəbəri eşidirik.
Əvvəla, bu günahdır. Dinimizdə buyurulur ki, “Allahın verdiyi canı ondan başqa kimsə ala bilməz!” Bu prinsiplə dünya ölüm hökmündən imtina edir.
İkincisi, kimdənsə, hətta dünyadan da küsə bilərsən, amma bu, intihara əsas vermir, barışacaqsan!
Ən nəhayət, hansısa problemi həll edə bilmədiyindən yaxanı ölümünlə qurtarırsansa, bu da səhvdir!
Bəs sənə güvənənlər, sənə göz dikənlər, səndən asılı olanlar necə olsun?
İki məqama diqqət yetirək: intihar edənlər əksərən həm övlad, həm də valideynlərdir. Səni boya-başa çatdıran, qocalığında sənə ümid bəsləyən, həyatını səni böyütməyə və oxutmağa sərf edən valideynlərin səndən sonra necə olsun? Axı onlar təzədən dünyaya övlad gətirib böyütmək iqtidarında deyillər! Təqsirləri nədir ki, ümidlərini puç edirsən?!
Sənin valideynlərini səndən çox sevib, səndən çox qayğısına qalan olacaqmı? Ahıl yaşlarında onları niyə oğulsuz, yaxud qızsız qoyursan?!
Sən tək özünü yox, həm də bir ata-ananın övladını da öldürmüş olursan!
Deməli, təkcə intihar etmirsən, həm də qatilə çevrilirsən!
Yaxud işsizsən, ailəni dolandıra bilmirsən, banka kredit borcun var!
Bəli, çətindir, çox çətin!
Qoyub getdiyin arvad və yetim uşaq iş tapıb işləyə, çörək tapıb yeyə, pul tapıb sənin kredit borcunu qaytara biləcəkmi?
Üstəlik, sənə yas da verib qəbirüstünü sahmana salmalıdırlar!
Baş götürüb gedəndə geridə qalanları düşünməzlərmi?!
Axı sənin gedişin problemi həll etmir, çünki sən problemləri qoyub gedirsən, özünlə aparmırsan!
Gorda necə yatacaqsan?
Dul arvadın və yetim qalmış övladın səni narahat etməyəcəkmi?!
Deyirlər o dünyada daş-tərəzi var, insanlar əməllərinə görə sorğu-sual edilirlər!
İnanıram, həm də bu çək-çevirdən çoxlarının yaxşı çıxmayacağını da bilirəm!
Və bir də, heç kəsə dirilib geriyə qayıtmaq, səhvlərini düzəldərək günahlarını yumaq imkanı verilmir!
***
Az qala bir həftə ərzində internet mediada “qardaşı qızını qaçıran” əmidən yazıldı.
Sosial şəbəkə də onlarla ağız-ağıza verdi.
Sonda dəqiq bilinmədi ki, belə bir hadisə həqiqətən olub, ya yox!
Aydın olmadı ki, ərinə “qeyrətsiz” deyən arvad düz danışır, yoxsa arvadına “əxlaqsız” söyləyən ər!
Amma bütövlükdə millət üçün utanc olacaq belə bir hadisədən (əgər olubsa) elektron media o qədər şövqlə və həvəslə yazırdı ki...
Adam az qala bu mövzuda dönə-dönə yazanların azərbaycanlı olduğuna inanmaq istəmir. Çünki onların heç biri hadisənin doğruluğunu dəqiqliyi ilə yoxlamamışdı, faktın təsdiqinə əmin deyildi.
Yalnız eşitdiklərini yazırdılar.
Bir-birlərilə düşmənçilik edən tərəflərin sözlərinə görə, millət üçün şərəf gətirməyəcək hadisə barədə bu qədər də yazarlarmı?
Hətta belə bir hal olsa belə!
***
İndi də KİV yeni mövzuya aludə olub: “400 minlik toy” və keçmiş ər - yeni ər - gəlin “qarşılıqlı ittiham üçbucağı...”
Bu şəxslər bütün məhrəmlərini açıb töküblər medianın önünə... Ailə şərəfini, ər-arvad namusunu ediblər açıq müzakirə meydanı... Utanmadan, ar etmədən bir-birini hər cür rəzillikdə günahlandırırlar.
“Həmkarlarımız” da elə bunu gözləmirlərmi?.. Artıq bir neçə gündür ki, yüzdən artıq saytın əsas xəbərinə çevrilən bu məsələ az qala “ümummilli problem” kimi oxuculara sırınır. Gün ərzində mövzuya yeni “əlavələr” edilir: səhər keçmiş ər keçmiş arvadını günahlandırır, günorta keçmiş arvad keçmiş ərini söyür, axşama yaxın yeni ər arvadının keçmiş ərinə qarşı videoittiham səsləndirir. Saytlar bu mövzu ilə bağlı xəbərləri “ən çox oxunanlar” rubrikasında yerləşdirir. KİV-in “fədakar” səyləri nəticəsində indi xalqımız bu ailədə kimin ilk xəyanəti etdiyini əsas gündəm mövzusu kimi müzakirə edir...
Və görünən odur ki, internet portalları yeni “qurbanlar”, təzə mövzu tapanadək bu ailə gündəmdən düşməyəcək!
Ara, namusa qısılaraq susmaq gərəkdir, mənəviyyatsızlığın reklamçısına çevrilmək yox!
***
Mənəvi dəyərlər yaz qarı kimi əriyərək yoxa çıxır!
Dövlət başçısı bir sərəncam ilə adi vətəndaşı səlahiyyət və söz sahibinə çevirir, vəzifəli şəxslər, adətən, “ağıllı” və “müdrik” insanlar kimi özlərini təqdim edirlər.
Amma nə deyəsən?! Bəzən bu etimadı doğrultmaq üçün gecə-gündüz işləmək, çalışmaq əvəzinə tamahlarının quluna çevrilirlər.
Sanki bilmirlər ki, ikinci bir sərəncamla əvvəlki “sadə”, “orta ağıllı” insana, hələ bəlkə də hörmətsiz məxluqa çevriləcəklər!
Özü də dəfələrlə belə halların şahidi də olublar.
Şəxsi maraq vəzifə məsuliyyətini unutdurur!
***
Yaxşı, heç kəsə inanmayasan, heç kimə etibar etməyəsən?
Məhkəmələr nə qədər “dələduzluq” cinayətlərinə baxmalıdırlar?
Bir evi neçəsinə satmaq olar?
Neçə adamın “işə düzəltmək” adı ilə pulunu alıb mənimsəmək olar?
Aleksandr Düma yazırdı ki, azərbaycanlı ilə nə barədəsə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur! Onlar sözlərinin sahibidirlər.
Bəs hara getdi o azərbaycanlılar?! Az qala respublikanın bir yarısı o biri yarısına “atıb”!
***
Bazar iqtisadiyyatı münasibətləri belə tezmi yeyib qurtardı mənəvi dəyərləri?! Doğrudanmı pul hər şeydir və hər şey də ona qurban verilməlidir?!
Mənəvi dəyərlərin itirilməsində biz jurnalistlərin də təqsiri çoxdur!
Belə hadisələri elə acgözlüklə, elə sensasiyalı formada oxuculara çatdırırıq ki, sanki yenidən Amerika kəşf edirik!
Elə bil qorxuruq ki, başqası bu xəbəri əvvəlcə versə, bizdən qabağa düşəcək!
Nədənsə fikirləşmək istəmirik ki, bu tip xəbərləri saf-çürük etmədən, doğuracağı effekti nəzərə almadan tez-tələsik ictimailəşdirmək, hərdən manşetə çıxararaq gündəmə çevirmək nə qədər təhlükəlidir!
***
XIX əsrin sonları, XX əsrin əvvəllərində xeyli azərbaycanlı gənc Rusiyaya və Avropa ölkələrinə gedərək təhsil aldı. Onların əksəriyyəti geriyə qayıdaraq Vətənə xidmət etdi, savadsızlığın ləğvində, xalqın maarifləndirilməsində və dünyagörüşünün genişləndirilməsində, mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərdi. Ötən əsrdə Azərbaycan Xalq Cümhuriyyətini quranların da bir qismi xaricdə oxuyub gələnlərdən idi.
İndi də xaricə oxumağa gedənlərimiz çoxdur. Hətta “Neft kapitalını insan kapitalına çevirək” çağırışını irəli sürən dövlətimiz onların təhsilinə yaxından kömək göstərir.
Oxuyub geri dönən, müstəqil dövlətimizə ürəklə qulluq edən gənclər çoxdur. Adam onlara baxanda sonsuz iftixar hissi keçirir.
Amma...
İllər boyu oxuyub xarici universitetləri qurtara bilməyənlər...
Qurtarıb xaricdə qalandan sonra Vətənini, dilini və xalqını unudanlar...
Narkoman olaraq geri qayıdanlar...
Qulağına sırğa taxanlar...
Xaricə gedərək “5-ci kalon”un üzvü kimi Azərbaycanın əleyhinə iş aparanlar...
Bəs belələrinə nə deyəsən?!
Onlar təkcə valideynlərinin, qohum və dostlarının deyil, Vətənin də etimadını, bir gənc kimi onlara olan gözləntiləri doğrultmayırlar!
Bu gün Azərbaycanın ağıllı başlara, savadlı mütəxəssislərə, müasir düşüncəli gənclərə ehtiyacı çoxdur!
Məhz belələri dövlətimizin irəliyə gedişini sürətləndirməli, Azərbaycanın dünyada öz yerini möhkəmləndirməsinə, nüfuzunu daha da artırmasına kömək göstərməlidirlər!
Həm də təkcə yalnız yaxşı mütəxəssis kimi yox. Ondan da öncə vətənpərvər insan, milli ruhlu gənc, xalqımızın mənəvi dəyərlərinin qoruyucusu olmalıdırlar! Çünki xalqın, dövlətin gələcəyi məhz belələrindən asılıdır!
Vətənpərvər gənclər sarıdan, necə deyərlər, korluğumuz yoxdur!
Torpaqların müdafiəsi uğrunda şəhid gedənlərimiz bizim fəxrimiz və əzizlərimizdir!
Aprel müharibəsinin qəhrəmanları igid və vətənpərvər gənclərin sayının getdikcə artdığının əyani şəkildə nümayişi oldu. Onlarla Milli Qəhrəmanımız, Mübariz İbrahimov, Fərid Əhmədov, Çingiz Qurbanov və digərləri qəhrəmanlıq rəmzinə çevriliblər.
İkili standartların geniş intişar tapdığı bir zamanda xaricdə yaşayaraq sığınacaq və qrant almaq naminə dövlətimiz əleyhinə iş aparanlara nə ad verəsən?!
Yaxşı, Azərbaycanı bəyənmədin, getdin, əcəb elədin!
İndi Vətənindən (lap qoy olsun “keçmiş”) qisas alırsan?!
Azərbaycana qarşı ədalətsizlik olunanda, hüquqları tapdalananda sənə ləzzət edir?!
Onda de görüm sən kim olursan, hansı xalqın, millətin nümayəndəsi sayılırsan?
Məgər xaricə gedən vətənpərvərlik, dövlətçilik, milli maraq və təəssübkeşlik, ədalət hissini özü ilə aparmır?
Onsuz da Azərbaycan bütün problemlərini, o cümlədən ərazi bütövlüyü məsələsini həll edəcək! Sadəcə zamana ehtiyacı var!
Həm də onun müdrik dövlət başçısı, kifayət qədər qeyrətli övladları, necə deyərlər, zəri də, zoru da var!
Sizin kimilər isə ömrünüz boyu yad ellərdə çağırılmamış qonaq kimi yaşayacaqsınız!
Çörək tapmaq üçün daim Vətəni satmağa məhkum qonaq!
Öz evinə dönməyə üzü və evi olmayan qonaq!
Övladlarınızın onları vətənsizliyə məhkum etdiyinizə görə sizi qınayacağı qonaq!
***
Milli-mənəvi dəyərləri qoruyanların və yaşadanların önündə jurnalistlər getməlidir. Amma görün elektron və çap mediasının bir qismi nə gündədir!
Süni sensasiya yaratmaq xəstəliyi peşəkarlığı məhv edib!
Oxucu məhəbbəti və rəğbəti qazanmadığından dövlətin maddi dəstəyi olmadan bir KİV belə yaşamağa qadir deyil!
Oxuyançılar və özəl klinikalar özəl telekanalları zəbt edib!
Onlara baxanda elə bilirsən ki, bu xalqın manıslardan başqa ağıllı, ziyalı, hörmətli, dünya görmüş və savadlı insanı yoxdur!
Onlara baxanda elə bilirsən ki, bu xalq başdan-ayağa xəstədir və özəl klinikaların tanınmamış həkimlərindən ciddi müalicə almalıdırlar!
***
Sosial şəbəkələr söyüş və təhqir meydanına çevrilib.
Məgər başqasını aşağılamadan fikir söyləmək, mövqe bildirmək mümkün deyil? Niyə haqlı olduğunu (əgər haqlısansa) fakt və arqumentlə yox, söyüşlə sübut etmək istəyirsən? Axı hörmət hörmətə bağlıdır, - demişlər. Hörmət elə ki, hörmət görəsən! Söyüş söysən, söyüş eşidəcəksən!
***
Üzeyir bəy Hacıbəylinin məşhur kəlamını bir daha xatırladırıq:
Bu dövlət də bizimdir!
Bu millət də bizimdir!
Bu Vətən də bizimdir!
Gəlin Avropadan öyrənək!
Gəlin üzümüzü Avropaya tərəf çevirək!
Gəlin Avropadan istifadə edək!
Amma Avropadan öyrənəndə nəyi öyrəndiyimizi və öyrənməli olduğumuzu yaxşı bilək!
Üzümüzü Avropaya çevirəndə şərqli olduğumuzu, daşıdığımız milli-mənəvi dəyərləri yaddan çıxarmayaq!
Avropadan istifadə edək, onun köləsinə çevrilməyək, texnologiyasını, elmini, insanlara və dövlətlərə fayda gətirəcək yeniliklərini mənimsəyək!
Başqa dinlərə və mədəniyyətlərə dözməzliyini yox!
“Miqrant” adı qoyduqları qaçqınlara qeyri-insani münasibəti yox!
Dinc şəkildə etirazlarını bildirən insanları atların ayaqları altına salmağı və itlərə gəmirtməyi yox!
Dünyanın hər yerindən gözəl, sabit və əmin-aman olan balaca bir Vətənimiz var!
Hələ otuz yaşı tamam olmayan müstəqil dövlətimiz var!
Hələ işğal altında qalan torpaqlarımız var!
Hələ doğma yurd-yuvaya dönmək həsrətini içərisində daşıyan bir milyon qaçqın və məcburi köçkünümüz var!
Bu Vətənə biz sahib çıxmasaq, kim onu sevərək inkişaf etdirər?
Bu dövləti biz qorumasaq, düşmənlərdən sinəmizlə müdafiə etməsək, bunu bizim əvəzimizdən kim edər?
Bu torpaqları biz qaytarmasaq, əkib-becərməsək, gələcək nəsillər bizə necə baxar?
Bu dəyərləri biz yaşatmasaq, babalarımızın ruhları bizi qınamazmı?
***
Gəlin vətənpərvərlik ənənəsini yaşadaq!
Gəlin ziyalılarımızın qədrini bilərək hörmətli tutaq!
Gəlin Vətənimizə səmimi qəlbdən əsl övladlıq edək!
Bir-birimizin qədrini bilək!
Qəddarlığı mərhəmət, nifrəti məhəbbətlə əvəz edək!
Təkcə özümüzü yox, Vətəni və xalqı, doğmaları və yaxınları, dostları və hətta tanımadığımız Vətən övladlarını da düşünək!
Hamı yaşamaq istəyir, - buna haqqı var!
Hamı yemək, geyinmək, şənlənmək istəyir, - bu onun hüququdur!
Hamı sevmək, sevilmək, arzularına çatmaq istəyir, - belələrinə dəstək olaq!

Allah dövlətimizə və xalqımıza kömək olsun, ürəyimizə mərhəmət və xeyirxahlıq, insaf duyğuları salsın!
Allah tamahımızdan kəsib, ağlımıza calasın!..

Bəxtiyar SADIQOV

Mənbə: "Azərbaycan" qəzeti.

DİGƏR XƏBƏRLƏR

Top