Həbsdən çıxanlar niyə iş tapmaqda çətinlik çəkir? - Ekspertlər cavablandırır

Səhvsiz insan yoxdur deyirlər. Cəmiyyətə bilərəkdən və ya bilməyərəkdən edilən səhv bəzən heç vaxt bağışlanılmır. Belə səhvi heç dövlət də bağışlamır və fərd olaraq onu məhkumluqla cəzalandırır.

Cəzasını çəkib başa vuran insanların bir çoxu isə sonradan iş tapmaqda çəkir.

"Həbs olunmayan şəxslər belə iş tapmaqda çətinlik çəkirlər"

Hüquqşünas Adəm Məmmədov "Yeniavaz.com"a açıqlamasında dedi ki, cəza çəkmiş insanlar da, adi vətəndaşlar kimi ümümi qaydada məşğulluqda işlə bağlı növbədə dayanmalıdırlar: "Belə halda işsizliyə görə müavinət verilir. Məşğulluğa iş təklif olunan kimi işlə təmin etməlidirlər. Normalda həbs olunmayan şəxs belə iş tapmaqda çətinlik çəkir, onda qalmış cəza çəkmiş insanların iş tapması... Həbsdən çıxanların sosial problemləri çox olur. Məhkum olmuş şəxsləri müəyyən idarələr, təşkilatlar işə götürmürlər".

"Azərbaycan reallığında bunu görürük"

Sosioloq Cavid İmamoğlunun isə mövzu ilə bağlı sualımıza münasibəti belə oldu: "Cəzaçəkmə müəsissəsini tərk edən keçmiş məhbusların cəmiyyətə adaptasiya olmalarında cəmiyyət olaraq səhv mühakimə yürüdürük. Biz onlara həmişə məhbus kimi baxırıq, biz onların üzünə bir çox imkanları bağlayırıq. Dövlət ilk mərhələdə bir neçə ay onlara təzminat ödəyir -xususi müavinət, pensiya ayırır. Onlar bu məbləğlə özlərini bir neçə ay idarə edə bilirlər. Lakin sonrakı işə qəbul prosesində isə bir sıra problemlərlə qarşı-qarşıya qalırlar. Bu da iş verən şirkətin, müəssisənin onlara qarşı inamsızlığından irəli gəlir. Təəssüflər olsun ki, Azərbaycanın reallığında bunu görürük. Hazırda cəzaçəkmə müəssisələrində cəza çəkmiş şəxslərin adaptasiyası ilə bağlı bir sıra QHT-lər fəaliyyət göstərir. Bu məsələlərlə bağlı layihələr hazırlanır; istər sağlamlığının qorunması, istər iş məsələləri ilə bağlı işlər aparılır. Belə fəaliyyətlər də zaman-zaman özünü doğruldacaq. Bu məsələdə məhbusluq həyatı yaşayan insanların özlərində də problem var. Belə ki, onlar hər hansı müəssisələrə işlə bağlı çox az hallarda müraciət edirlər. Bu da ondan ibarətdir ki, cəza çəkmiş insanlara psixoloji dəstəklər olunmur. Cəmiyyət olaraq onlara psixoloji, sosial dəstək verməliyik. Belə olan halda onlar özlərini cəmiyyət arasında yad hiss etməzlər".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top