Şadlıq saraylarının çoxlarının bilmədiyi fırıldağı - Bu da təzə variantdır

Bakıda bir çox şadlıq evlərində isti xörəklər (ət yeməkləri) süfrəyə gec gətirilir. Qəribə olsa da, bəzi şadlıq saraylarında bunun səbəbi kimi xörəklərin gec hazır olması göstərilir. Ekspert isə bildirir ki, bunu qazanc məqsədi ilə, planlı şəkildə edirlər.

Söhbət ondan gedir ki, əgər toy 18:00-da başlayırsa və qonaqlar tam olaraq 19:00-da məclisdə toplanırsa, ət xörəkləri süfrəyə 1 saat, saat yarım gec gətirilir. İddialar var ki, şadlıq evlərinin rəhbərliyi bunu bilərəkdən edir ki, məclis əhli süfrədə olan digər qidalardan yeyib doysunlar və ət xörəkləri yeyilməsin. "Yeniavaz.com" saytına açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov şadlıq evləri ilə bağlı maraqlı açıqlamalar verib.

"Hər bir addım dəqiqliyi ilə hesablanıb ki, qonaqlar toydan tez durub getsinlər"

"Şadlıq evlərində hər şey hesablanıb ki, insanlar tez durub getsinlər və mümkün olan qədər süfrədəki yemək və içkilər qalsın. Hamısı buna hesablanıb. Hələ cavansan, inşallah, bir gün oğluna toy edəndə görəcəksən - şadlıq evində səsi azaltdıra biləcəksənmi, baxmayaraq ki, pulu verən sənsən. Gör sən yayın günü kondisioneri nizamlatdıra biləcəksənmi? Mümkün deyil. Hər bir addım şadlıq evlərində dəqiqliyi ilə hesablanıb ki, qonaqlar toydan tez durub getsinlər. Hər şey ona hesablanıb. Şadlıq evlərində yeməklərin süfrəyə bir qədər gec verilməsi məsələsi də incələnibdir. Bir-bir nəzərə alınıb bu məsələlər. Səsi azaltdırmaq mümkün deyil, kondisioneri necə istəyirlər elə işlədirlər. Öz aləmlərində bunlar "ağıllı" başla hesablanıb ki, qonaqlar tez durub getsinlər, süfrədə nə varsa, mümkün qədər çox qalsın. Şadlıq evləri tərəfindən xüsusi olaraq fikirləşilib tapılmış məsələlərdir bunlar hamısı. Bunun tərkib hissələrindən biri də isti xörəklərin süfrəyə gec verilməsidir".

Ekspert deyib ki, özü də bu vəziyyətlə üzləşib: "Mən oğlumun toyunda plovu süfrəyə birinci gətizdirmək üçün xüsusi əzab çəkdim. Həmin məclisdə aşı elə gətirdilər ki, heç gətirməsələr ondan yaxşı olardı. Plovu çalışırlar ki, məclisin lap axırında versinlər, heç kim də yeməsin, qalsın bunlara. Çox böyük bir biabırçılıq var bu sahədə. Artıq qalanları saxlayırlar və növbəti süfrələrə verirlər və s. Yəni belə-belə dövr eləyir - ta istehlakçının boğazına tıxanana qədər".

"Saat 6-da toy başlayır, həmin vaxt da dövlət məmurları işdən gedir"

Bəs bütün bunlardan hər hansı vətəndaş narazı qalarsa, hara müraciət etməlidir, öz hüququnu necə tələb etməlidir? Bu sualımıza Eyyub Hüseynovun cavabı belə oldu: "İqtisadiyyat Nazirliyinin yarıtmaz işinin nəticəsidir bunlar. Bu nazirlik elə bir siyasət aparır ki, istehlakçı hüquqları məsələsi qalıb arxa planda. Yeri gəlmişkən, bir məqamı da qeyd edim ki, aprelin 18-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin istehlakçı hüquqlarını qoruyan dövlət təşkilatlarının və qeyri hökumət təşkilatlarının toplantısını keçirib. Mən süjetə baxdım və bu gün Dmitri Yaninə zəng vurdum. Onun təşkilatı bizim təşkilatdan xeyli zəifdir. Çıxış elədi Prezidentin qarşısında və vəziyyəti dedi. Çox yaxşı olardı ki, bizdə də belə bir toplantı keçirilsin. İstehlakçı hüquqlarının qorunması ilə məşğul olan təşkilatlar yığılsın və soruşulsun ki, istehlakçılar nə istəyirlər? Saat 6-da şadlıq evlərində toy başlayır, həmin vaxtda dövlət məmurları işdən gedir. Kim yoxlayacaq şadlıq evlərini? Heç kəs yoxlamır. İstehlakçıların loru dillə desək, eninə-uzununa aldadıldığı bir şərait var şadlıq evlərində".

"Şadlıq evlərində pul yığılır, heç bir kassa çeki verilmir"

Müsahibimiz şadlıq evlərini vergidən yayınmaqda da ittiham etdi: "Vergidən yayınırlar. Külli miqdarda pul yığılır şadlıq evlərində, heç bir kassa çeki də verilmir. Çoxlu qanun pozuntuları var. Ortada heç nə yoxdur - müqavilə bağlanmır, şərtlər yoxdur. Dəfələrlə bizim şadlıq evləri ilə məhkəmə çəkişmələrimiz olub, hüquqi nəticəsini əldə edə bilməmişik. Çünki ortada müqavilə. Heç kassa çeki də yoxdur ki, sən pul vermisən. 8 min, 10 min, 20 min pul verirlər, ortada heç bir sənəd yoxdur. Şadlıq evlərində istehlakçı hüquqlarının pozulması məsələsi olub və biz məhkəməyə müraciət etmişik, ancaq onun hüquqi nəticəsini əldə edə bilməmişik. Baxmayaraq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq evləri ilə bağlı standart hazırlayıb - lakin yerinə yetirən yoxdur. İstehlakçı hüquqlarının qorunmasına yönəlmiş dövlətin bir sıra sənədləri ümumiyyətlə icra olunmur. İqtisadiyyat Nazirliyinin bu işə baxan şəxsləri isə mən deyərdim ki, dövlətdən boş yerə maaş alır".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top