"ABŞ və Avropa Birliyi Gürcüstan ərazilərinin işğalı faktı ilə heç vaxt barışmayacaq"

Vaşinqton Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini heç vaxt tanımayacaq. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Gürcüstandakı səfiri Nikolas Berliner jurnalistlərə açıqlamasında deyib: "ABŞ-ın Abxaziya və Cənubi Osetiya ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Biz Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanımırıq və heç vaxt da tanımayacağıq. Abxaziya və Cənubi Osetiya Gürcüstan əraziləridir və beynəlxalq ictimayiyyət də bunu qəbul edir. Biz Gürcüstanın ərazi bütövlüyünə hörmət edir və bu məsələdə onlara verdiyimiz dəstəyi gələcəkdə də ən yüksək səviyyədə davam etdirəcəyik".

Rusiyanın Abxaziyada öz səfirliyini açmasına gəlincə, amerikalı səfir onun yeganə səfirlik binası olaraq qalmaqda davam edəcəyini söyləyib: "Abxaziyada Rusiya səfirliyinin açılmasına gəlincə, bəri başdan onu deyim ki, bu səfirlik bölgədə yeganə olacaq. Çünki beynəlxalq aləm Abxaziyanın müstəqilliyini tanımır".

Nikolas Berliner həmçinin xatırladıb ki, ABŞ-la birgə Avropa Birliyi də Gürcüstanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir: "ABŞ və Avropa Birliyi Gürcüstan ərazilərinin işğalı faktı ilə heç vaxt barışmayacaq. Gürcüstan yenə də əvvəlki kimi Avropa Birliyinin və ABŞ-ın dəstəyini hiss etməkdə davam edəcək".

DİGƏR XƏBƏRLƏR

Top