Nazir müavini Azərbaycanda son 10 ildə orta aylıq əməkhaqqının 3,3 dəfə artdığını deyib

"Görülmüş tədbirlər ölkənin iqtisadi artımı şəraitində əhali gəlirlərinin də mütəmadi artımına imkan verib. Bu dinamikanın davamı kimi, 2016-cı ildə ölkə əhalisinin gəlirləri 2015-ci illə müqayisədə nominal ifadədə 8,7 faiz, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə 7,5 faiz artıb". "Yeniavaz.com" saytı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bunu nazir müavini İdris İsayev deyib.

"Həmin gəlirlərin bir hissəsi də əmək haqqı gəlirlərindən ibarətdir və bu sahədə də müsbət dinamika ildən-ilə davam edir. Son on il ərzində respublikamızda minimum əməkhaqqının səviyyəsi 3,5 dəfə, orta aylıq əməkhaqqı 3,3 dəfə artıb. O cümlədən keçən il orta aylıq əmək haqqında artım keçən il 6,9 faiz təşkil edib. Minimum əmək haqqının vaxtaşırı olaraq artırılması təmin edilir və bu sahədə növbəti addım kimi, dövlət başçısının müvafiq Sərəncamı ilə cari ilin əvvəlindən minimum əmək haqqı 10,5 faiz artırılaraq 116 manata çatdırılıb".

İ. İsayev ölkəmizdə dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsinin, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə əlaqəli olmayan amillərə görə işçinin əmək haqqı məbləğinin azaldılmasının qanunla qadağan edildiyini bildirib. Əhalinin gəlirlərində əmək haqqının rolunu diqqətə çatdıran nazir müavini layiqli əməyin təmin olunması yönündə aparılan işlərin bir istiqamətinin də məhz qeyri-rəsmi məşğulluğun və qeyri-rəsmi əmək ödənişlərinin qarşısının alınmasına yönəldiyini vurğulayıb: "Ölkədə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradılması əmək münasibətlərinin tənzimlənməsi sahəsində bir sıra vacib məqsədlərə xidmət etməklə bərabər, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsində də xüsusi önəm kəsb edir".

DİGƏR XƏBƏRLƏR

Top