"Azəriqaz" qazın tərkibinə hava vurulub, əhaliyə satılması iddialarına CAVAB VERDİ

Xeyli müddətdir Azərbaycanda əhaliyə satılan qazın tərkibinə hava vurulması iddiaları müzakirə mövzusudur. "Yeniavaz.com" saytı bununla bağlı araşdırmalarını davam etdirir. Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi də saytımıza açıqlama verib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev açıqlamasında bildirib ki, bu iddialar istehlakçılarda çaşqınlıq yaradır.

İbrahim müəllimin açıqlamasına keçməmişdən öncə kiçik bir xatırlatma edək ki, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bugünlərdə sosial şəbəkədə bir qurğunun fotosunu paylaşıb. Dediyinə görə, qaz kəmərlərinə hava məhz bu qurğu vasitəsi ilə vurulur: "Bu qurğu vasitəsilə qaz kəmərlərinə hava vurulur. O hava ki, mənzillərimizdəki qaz qurğularının forsunkalarından çıxır və havanı da sayğacımız pul kimi qeyd edir".

"Gözümüzlə gördüyümüzə inanaq, yoxsa onun fikirlərinə?"

"Azəriqaz" Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi, ekspert Nüsrət Qasımov isə bu iddalarla bağlı sualımıza cavab olaraq bildirmişdi ki,

qaz kəmərlərinə hava vurulması barədə fikirlərin heç bir əsası yoxdur: "Bunu deyənlərin bu sahədə savadı yoxdur. Qaz borusuna hava vurularsa, qazla hava qarışığı 4,5 faizə çatanda güclü partlayış baş verər - borunun içərisində də. Onda gərək Azərbaycanda bütün qaz kəmərləri partlasın. Elə bir şey yoxdur".

Tanınmış ekspert Sahib Məmmədov isə Nüsrət Qasımovun bu açıqlaması razılaşmayıb: "Bisavad onun özüdür. Qatışıq vururlar və bunu da hamı bilir. Söz güləşdirir. Əslində qaza başqa yanmayan qazlar qatırlar. Tərkibi dəyişir. İkincisi, qazı kəsirlər, açanda bir müddət hava gəlir və yanmır, amma pul hesablayır. Gəlsin bizə, indi hava axır. Gözümüzlə gördüyümüzə inanaq, yoxsa bunun fikirlərinə? Nüsrət müəllim bu sahədə qədimdi. Təzə texnologiyadan xəbəri yoxdur. Qazın tərkibini istədikləri kimi dəyişirlər".

"Əslindəni çəkilən videolar, mütəxəssis şərhləri deyir, Nüsrət müəllim"

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının isə Nüsrət Qasımovun iradına cavabı belə olub: "Azəriqaz"ın sabiq idarə rəisi hörmətli Nüsrət müəllim deyir ki, hamı indi mütəxəssis olub. Düzdür, "Azəriqaz"ın kadrları buna sübutdur. Bütün sahələr üzrə mütəxəssis var orada. Onu da xatırladım ki, burada şərh verən mütəxəssislər də adekvat cavabı sizə verə bilərlər. Sizin dedikləriniz isə "olmalıdır" kimi qəbul olunur. Əslində belədirmi? Əslindəni isə çəkilən videolar, mütəxəssis şərhləri deyir, Nüsrət müəllim".

"Belə məlumatların yayılması istehlakçılarda çaşqınlıq yaratmaqdır"

"Azəriqaz" İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev bizimlə söhbətində qazın tərkibinə hava vurulub əhaliyə satılması iddiaları ilə razılaşmadı: "Bu barədə fikirlər doğru deyil. Ətraflı məlumat və izahı ekspertlərdən də ala bilərsiniz. Hesab edirəm ki, belə məlumatların yayılması istehlakçılarda çaşqınlıq yaratmaqdır".

"Azəriqaz" rəsmisinin sözlərinə görə, mavi yanağın verilməsində fasilə yarandıqda və verilişi zamanı havadan söhbət belə gedə bilməz.

"Yeni çəkilən qaz xətləri qaz təchizatı mənbəyinə qoşulduğu zaman fasilələr yaranır"

"Bildiyiniz kimi, qaz xətləri respublika ərazisində daimi olaraq yenilənir, köhnələr hissələr yeni xətlərlə əvəz edilir, dəyişdiririlir. Bu işlər mütəmadi olaraq həyata keçirilir. Məlumat üçün onu da əlavə edim ki, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən çoxmərtəbəli binalara mavi yanacaq verilməsi işləri də davam etdirilir. Bu ilin birinci rübü ərzində 93 binaya təbii qazın verilməsi təmin edilib. Bundan başqa, bu ilin birinci rübü ərzində 18 yaşayış məntəqəsi qazlaşdırılaraq mavi yanacaqla təmin olunub. Ümumiyyətlə, bu kimi işlər gedəndə - belə deyək, fərdi yaşayış evləri, hündürmərtəbəli binalar qazlaşdırılan zaman, yeni çəkilən qaz xətləri qaz təchizatı mənbəyinə qoşulduğu zaman fasilələr yaranır. Bu zaman da ictimaiyyətə tərəfimizdən məlumat verilir, fasilə olan müddət bildirilir. Qaz xətti mənbəyə qoşulanda və yaxud korroziyaya uğrayan qaz xətlərinin təhlükə yaradan hissələri yenisi ilə əvəzlənəndə fasilə yarandıqda və təbii qazın verilişi zamanı heç bir havadan söhbət gedə bilməz. Çünki qaza hava vurulması heç təhlükəsizlik baxımından da uyğun gəlmir".

"Heç bir baxımdan bu düzgün deyil"

İ. Kərbalayevin dediyinə görə, əhaliyə verilən qazın tərkibi dövlət standartına uyğun tənzimlənir: "55-42-87 nömrəli standartdır. Tərkibində heç bir dəyişiklik yoxdur, tərtəmiz qazdır. "Təbii qazın verilişi dayandırılır və sonra hava ilə verilir" iddialarının heç bir əsası yoxdur. Belə bir şey yoxdur. Təmiz qazın verilişi bərpa edildikdə xəttə hava vurulmur. Heç bir baxımdan bu düzgün deyil. Təbii qazın tərkibi dövlət standartına uyğundur və əhaliyə də buna uyğun olaraq verilir. Heç bir əlavə dəyişilikdən söhbət gedə bilməz".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top