"Heç bir artımdan söhbət getmir, əksinə ucuzlaşıb" - Tarif Şurasının qərarına izahat

Tarif Şurası “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 2016-cı il 13 may tarixli 6 nömrəli qərarına dəyişiklik edib. Dəyişikliklərə əsasən, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti üzrə 1 kub metr su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat təsdiq edilib.

Daha öncə bu qiymətlər müvafiq olaraq 35 və 30 qəpik idi, yəni qiymət 1 kubmetr su təchizatına görə 15 qəpik artırılıb.

Tarif Şurasının bu qərarı mətbuatda “su bahalaşdı” kimi təqdim olunub. Lakin söhbət heç də suyun tarifinin bahalaşmasından getmir.

Aidiyyəti qurumların rəsmiləri tariflərdə heç bir dəyişikliyin olmadığını bildirdilər.

“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev bildirdi ki, artıq saytlar bu cür yalan informasiyaları “Azəristiliktəchizat”a qarşı mənəvi terrora çeviriblər: “Əgər bu mətbuat orqanlarının Tarif Şurasının qərarını anlamağa savadı çatmırsa, bu bizim problemimiz deyil. Bu insanların savadı yoxdur. Dəyişikliyin nə olduğunu öyrənmək istəyən adam öncə bu qərarı açıb oxumalıdır”.

“Azəristilik” rəsmisi qərara aydınlıq gətirərək heç bir artımdan söhbət getmədiyini qeyd etdi: “Qərarda deyilir ki, "Azəristilik" üçün suyun qiyməti əhali tarifi üzrə müəyyən edilsin. Su tarifi 35 qəpik, kanalizasiya üçün isə 15 qəpik, bunları toplayanda edir 50 qəpik. Burada heç bir artım yoxdur, sadəcə tullantı suları da su tarifinə daxil edilib və hər iki tarif toplanaraq vahid tarif yaradılıb".

“Azəristilik” rəsmisi bildirdi ki, bu ilin may ayına kimi, “Azəristiliktəchizat” qeyri-əhali qrupuna aid idi və bu qurum üçün suyun tarifi 1 manat, kanalizasiya suyunun tarifi isə 30 qəpik idi. Sonra Tarif Şurasının qərarı ilə “Azəristiliktəchizat” əhali qrupuna aid edildi və qiymətlər aşağı düşdü:

“Noyabrın 28-də isə həmin qərarda dəyişiklik ediblər, hüquqi baxımdan dəqiqləşdirmə aparıblar. Orada qeyd olunmuşdu ki, "Azəristilik" ASC-yə əhali tarifləri şamil edilsin, bu qərarda isə izah edir ki, əhali dedikdə nə başa düşülür, bu, kimlərə şamil edilir. Bu mənada “Azəristilik” üçün vahid tarif müəyyən ediblər. 1 kubmetr su üçün ödənilən 35 qəpiyi və 1 kubmetr tullantı suları üçün ödənilən 15 qəpiyi toplayıblar, 50 qəpik müəyyən ediblər. Əvvəl bunlar ayrı-ayrı ödənilirdi, indi vahid tariflə 50 qəpik ödənilir. Regionlarda da 30 qəpik üstəgəl 15 qəpik, 45 qəpik müəyyən edilib. Burada artım haradadır?"

Söhbət artımdan yox, may ayında verilmiş qərarın hüquqi baxımdan dəqiqləşdirilməsindən gedir. 2016-cı ilin may ayındakı qərara qədər bizim çün tariflər ümumilikdə 1 manat 30 qəpik idi, indi isə 50 qəpikdir. Bu əslində ucuzlaşmadır. Bu dəyişikliyin abonentlərə ümumiyyətlə aidiyyəti yoxdur. Biz su ilə kanalizasiyanı bir yerdə və ya ayrı-ayrı ödəyiriksə, bunun abonentlərə nə aidiyyəti var?".

İstilik qiymətlərinin artmasına gəlincə, R.Əliyev bildirdi ki, “Azəristiliktəchizat”ın tariflərinin gələn il necə olacağı məlum deyil. Bu barədə bizim qurum tərəfindən Tarif Şurasına artım üçün heç bir təklif verilməyib.

Məslə ilə bağlı “Azərsu” ASC-nın mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə də əlaqə saxladıq. O bildirdi ki, tariflərdə artım yox, əksinə ucuzlaşma var: “Bu ilin may ayına qədər ”Azəristilik" ASC qeyri əhali qrupuna daxil idi və onlara su 1 manata satılırdı, tullantı suları isə 30 qəpikdən hesablanırdı. Mayın 15-dən sonra bu qurum əhali qrupuna keçdi və su 35 qəpik oldu, tullantı suları isə 15 qəpik, elədi 50 qəpik, Əslində bizim “Azəristilik” ASC-ə satdığımız suyun tarifi iki dəfə aşağı düşdü. Yəni heç bir artımdan söhbət getmir, əksinə ucuzlaşıb. Sadəcə əvvəl su və kanalizasiya ayrı-ayrı göstərilirdi, indi onlar birləşdirilib, vahid tarif müəyyən edilib. Heç bir dəyişiklik yoxdur, jurnalistlər bunu kontekstdən çıxarıb yanlış təqdim ediblər".

Məsələ ilə bağlı Tarif Şurası da açıqlama yayıb. Açıqlamada birmənalı şəkildə bildirilir ki, su təchizatı və tullantı sularının axıdılması tarifləri artırılmayıb. Açıqlamada həmçinin, kütləvi informasiya vasitələrinə diqqətli olmaq və araşdırılmamış məlumatları dərc etməkdən çəkinmək tövsiyə edilir.

Musavat.com

DİGƏR XƏBƏRLƏR

Top