Azərbaycanda İkinci Dünya müharibəsindən qalan əsgər dəbilqəsi - FOTO

"Milli Azərbaycan Tarixi Muzeyi mədəni-tarixi irsimizin tədqiqi, təbliği və mühafizəsini həyata keçirən elmi-tədqiqat müəssisəsidir. Cari il ərzində muzey fondlarını zənginləşdirmək məqsədilə müxtəlif tarixi dövrləri əhatə edən maddi mədəniyyət nümunələrinin qəbulunu davam etdirib. Belə materiallardan biri İkinci Dünya müharibəsi dövrünə aid əsgər dəbilqəsidir". Bu barədə Yeniavaz.com saytına Milli Azərbaycan Tarixi Muzeyinin "Bərpa laboratoriyası"ndan məlumat verilib. Bildirilib ki, muzeyə təhvil verilən zaman dəbilqənin saxlanma vəziyyəti tam olmadığı və bərpaya ehtiyac olduğu üçün muzeyin "Bərpa laboratoriyası"na yönləndirilib: "Laboratoriyanın bərpaçı-rəssamı Əjdər Qafarov tərəfindən eksponata ikinci həyat verilib. Belə ki, kimyəvi məhlulların vasitəsi ilə dəbilqənin üzərindən pas təbəqəsi təmizlənib və xüsusi qoruyucu maddə çəkilib".

"Qədim və zəngin mədəniyyətimizi, müxtəlif tarixi dövrləri, milli adət-ənənələrimizi özündə təcəssüm etdirən eksponatları qorumaq, bərpa və konservasiya etmək, gələcək nəsillərə ötürmək böyük məsuliyyət tələb edir. Milli Azərbaycan Tarixi Muzeyində bu əhəmiyyətli missiya layiqincə həyata keçirilir. Hal-hazırda əsgər dəbilqəsi muzeyin "Silahlar və bayraqlar fondu"nda mühafizə olunur",-deyə məlumatda qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top