Almaniyanın Xarici işlər naziri Frank-Valter Ştaynmayer Suriyanın Hələb şəhərində əmələ gələn ağır vəziyyətlə bağlı açıqlama verib. Bununla əlaqədar "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, Ştaynmayer Parisdə keçirilən Suriyanın Dostları Qrupunun üzvləri ilə görüşdə Hələbdən çıxan dinc sakinlərin hökumət gücləri tərəfindən təzyiqlərə məruz qalmayacağı barədə dövlət səviyyəsində qarantiya verilməsini istədiyini bəyan edib. O deyib ki, Hələbdə yaşananlarda dinc sakinlərin günahı yoxdur və onlar hər iki tərəfin zorakılıqlarının girovuna çevrilmişdilər.
Ştaynmayer: "Biz şəhəri tərk etməyə imkan tapan dinc sakinlərin təhlükəsizliyinə təminat verilməsini hökumətdən tələb edirik. Onlara qarşı təzyiqlərə əl atılmamalı, həbs edilməməli, toxunulmazlıqları təmin edilməlidir", -deyib.
Ştaynmayer həmçinin Hələbdəki radikal güclərə görə şəhərin İran və Rusiya tərəfindən kütləvi şəkildə bombardman edilməsini sərt şəkildə tənqid edib. O deyib ki, Hələb Əsəd rejiminin əlinə keçsə belə bu, müharibənin sonu demək olmayacaq. Ona görə də Ştaynmayer Əsəd rejimini müdafiə edənləri münaqişənin dinc yolla aradan qaldırılması üçün qarşı tərəflə danışıqlar masası arxasında əyləşməyə çağırıb.