Bu gündən məktəbəhazırlıq qruplarında məşğələlər başlayır

Bu gündən etibarən dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər başlayır.

Məktəbəhazırlıq qrupları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 254 məktəbdə fəaliyyət göstərəcək.

Qruplara 5 yaşı həmin il tamam olan uşaqlar qəbul olunur. Mayın 31-dək həftədə 4 gün olmaqla fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib.

Məktəbəhazırlıq qruplarında Ətraf aləmlə tanışlıq, Savad təliminə hazırlıq və nitq inkişafı, Bədii təfəkkürün inkişafı, Məntiqi və riyazi təfəkkürün inkişafı, Təsviri fəaliyyət, Musiqi və Fiziki mədəniyyət dərs məşğələləri tədris ediləcək.

Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” 271 nömrəli və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə” 272 nömrəli qərarlarına və həmin qərarların icrası barədə təhsil nazirinin 548 və 549 nömrəli əmrlərinə əsasən, 2016-2017-ci tədris ilində Bakının bir sıra məktəblərində ödənişsiz (dövlət büdcəsinin vəsaiti hesabına) məktəbəhazırlıq qrupları təşkil ediləcək.

Report

DİGƏR XƏBƏRLƏR

Top