İranlı milyarder Babək Zəncani barəsində ölüm hökmü ləğv edilə bilər

İran Ali Məhkəməsi tərəfindən haqqında çıxarılmış ölüm hökmü qüvvədə saxlanılan milyarder Babək Zəncani mənimsədiyi pulları dövlətə qaytararsa, cəzası azaldılacaq. “Tasnim” agentliyinin verdiyi məlumata görə, bunu Tehran baş prokuroru Abbas Cəfəri Dövlətabadi bildirib. Baş prokuror 41 yaşlı milyarderin edam hökmündən xilas olmasının mümkünlüyünü qeyd edib. Dövlətabadi deyib ki, Babək Zəncaninin mühakimə olunmasında əsas məqsəd mənimsədiyi vəsaiti qaytarması olub. Baş prokuror milyarderin mənimsədiyi vəsaiti geri qaytarması, dövlətə vurduğu ziyanı aradan qaldırması halında cəza qanunvericiliyindəki “İslami mərhəmət” maddəsindən yararlana biləcəyini açıqlayıb.
Qeyd edək ki, dekabrın 3-də İran Ali Məhkəməsi milyarder Babək Zəncani barəsində çıxarılmış ölüm hökmünü qüvvədə saxlayıb. Hökmə əsasən, B. Zəncani və onunla əlbir olan daha iki nəfər asılacaq. Onlar xaricə neft satışından əldə etdiyi külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunurlar./APA

DİGƏR XƏBƏRLƏR

Top