
3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə Mingəçevirdə tədbir keçirilib. Yeniavaz.com xəbər verir ki, tədbirdə şəhər rəhbərliyi ilə yanaşı, müxtəlif kateqoriyadan olan əlillər də iştirak ediblər. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov öz çıxışında Beynəlxalq Əlillər Gününün yaranma tarixinə nəzər salaraq məlumat verib ki, ümummilli liderimiz həmişə bu təbəqəyə qayğı ilə yanaşıb, onların sosial problemlərinin həllini diqqət mərkəzində saxlayıb: "Bu gün də ölkə Prezidenti tərəfindən bu kateqoriyadan olan insanlara yüksək diqqət və qayğı göstərilir". Tədbirdə iştirak edən əlillərdən bir neçəsi də öz problemlərini dilə gətiriblər. Onlardan 1-ci qrup lal-kar Süleymanov İlqar, 3-cü qrup lal-kar Rəsulov Rövşən ən ağır şəraitdə yaşadıqlarını bildiriblər. Ailəliklə lal-kar olan Rəsulov Rövşənin ailəsi bu gün aldıqları 55 manat məvacibin ümidinə qaldıqlarını bildiriblər. Ailə başçısı Rövşən həm şəkər, həm də vərəm xəstəliyindən əziyyət çəkdiyini bildirib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mingəçevir Şöbəsinin müdiri Emil İsmayılov bildirib ki, fiziki sağlamlığı məhdud olan insanlara dövlət tərəfindən lazımi qayğı göstərilir. Sonda Mingəçevirdən olan Qarabağ əlili Aydın Quliyevin instrumental ansanbılının ifasında rəngarəng musiqi nömrələri səsləndirilib.
Esmira Hidayətova, Mingəçevir
Tətbiqimizi yükləyə bilərsiniz