
İctimai fikir tariximizdə, milli mətbuatımızın inkişafında, musiqi mədəniyyətimizin formalaşmasında misilsiz xidmətləri olan Üzeyir Hacıbəyli 1948-ci il noyabr ayının 23-də vəfat edib, haqq dünyasına qovuşub. Onun vəfatından 68 il ötür. Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin dünyadan köçməsi Azərbaycan üçün böyük itki idi. Hələ onda Üzeyir bəyin vəfatı ilə əlaqədar Xalq şairi Səməd Vurğun yazırdı:
Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirə tək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər!
Bəli, o, şirin bir xatirə tək yaşayır. Bir neçə faktı qeyd edək: Üzeyir Hacıbəylinin doğum günü (1885), yəni 18 sentyabr - Üzeyir Musiqi Günüdür. Bu mötəbər gün 1995-ci ildən ümummilli lider Heydər Əliyev tərəfindən rəsmiləşdirib. YUNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən, Hacıbəylinin yubileyi beynəlxalq miqyasda da qeyd edilib. 2010-cu ildə Azərbaycanda və dünyada Üzeyir bəy Hacıbəylinin anadan olmasının 125 illik yubileyi təntənə ilə keçirilib.
Üzeyir Hacıbəyli vəfatı günü də anılır. Bu günlərdə Türk Dünyası Araşdırmaları Vakfının Bakı Atatürk Liseyində Üzeyir Hacıbəylinin yorulmaz və cəfakeş tədqiqatçısı Səadət xanım Qarabağlının iştirakı ilə Üzeyir Hacıbəyli yad olunub. Tədbirdə liseyin müdiri Musa Ediz belə tədbirlərin təhsil ocağında keçirilməsinin təqdirəlayiq hal olduğunu qeyd edib. Liseyin tarix müəllimi Elmar Həsənov məruzə üçün dəvət olunmuş tədqiqatçı, üzeyirbəyşünas, Üzeyir bəyin ev-muzeyində 25 il çalışmış, 5 il həmin ev-muzeyinin rəhbəri olmuş Səadət Qarabağlı haqqında ətraflı məlumat verib. Daha sonra söz Səadət xanıma verilib. O deyib: "Mədəniyyətimizin sütunu olan Üzeyir Hacıbəyli 1910-cu ildə özunun nəşr etdiyi "Həqiqət" qəzetində yazırdı: "Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə butun xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cur adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər". Mutəffəkkiranə deyilmiş bu kəlamları tamamilə Üzeyir bəyin özünə də şamil etmək olar".
Dahi bəstəkarımızın vəfatından 68 il ötdüyünü vurğulayan Səadət xanım bildirib ki, onu illər bizdən uzaqlaşdırsa da, mənən o bizə yaxınlaşır: "İlbəil Üzeyir bəy Hacibəyliyə ehtiyacımız çoxalır. Çünki Üzeyir bəy Hacıbəyli Azərbaycan mədəniyyəti tarixində bütün cığırları açıb. Bu gun mədəniyyət sahəsində çalışanların hamısı onun - bu dahi şəxsiyyətin çörəyini yeyirlər. Məhz Üzeyir bəy Hacıbəylinin əsərləri vasitəsi ilə Azərbaycanımız dünyada tanınır. Üzeyir bəy Azərbaycan mədəniyyəti tarixində nə yaratdısa, hamısı ilkin oldu. Tanınmış cərrah-akademik Mustafa bəy Topçubaşov özünün "Acılı-şirinli xatirələr"ində yazırdı: "Mən Üzeyir bəyi Avropa bəstəkarlıq məktəbinin Bax, Verdi, Motsart, Bethoven və başqa nümayəndələri ilə müqayisə etmək istəmirəm. Daha doğrusu, çətinlik çəkirəm, çünki Üzeyir bəy məktəb nümayəndəsi deyil, özü ayrıca bir məktəb idi".
Elə ona görə də mədəniyyətimizin hansı qoluna baxırsan, orada Üzeyir bəy Hacıbəylini görürsən. Üzeyir bəy yeganə dahi şəxsiyyətdir ki, hələ özünün sağlığında təşkil etdiyi Azərbaycan Dovlət Simfonik Orkestrinə (1944-cü il), Milli Elmlər Akademiyasının İncəsənət İnstitutuna (1945) onun adı verilib. 1965-ci ildə Üzeyir Hacıbəyli adına Dövlət mükafatı təsis olunub. SSRİ bəstəkarları arasında SSRİ Xalq artisti adı ilk dəfə Üzeyir bəyə verilib. Üzeyir bəy Hacıbəyli, dogrudan da, Azərbaycan xalqına Allah-təalanin lütfüdür, ərməğanıdır.
Tədbirin sonunda Səadət xanım şagirdlərin suallarını cavablandırıb.
Qvami Məhəbbətoğlu
Tətbiqimizi yükləyə bilərsiniz