"Artım prosesi bununla yekunlaşmayacaq"

Tarif Şurası iclas keçirib təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxıb və müvafiq tarif tənzimlənməsi aparıb. Yəni bir sözlə həm qazın, həm də elektrik enerjisinin qiymətləri qalxıb. Bu qarışıq qaydaları başa düşmək üçün isə yazılanları bir neçə dəfə oxuyub bilənlərlə məsləhətləşmək lazım gəlir. Bu səbəbdən iqtisadçı ekspert Natiq Cəfərli çox saylı müraciətləri nəzərə alaraq bunun asan hesablama üsulunu yazıb: "Əgər siz ayda qaz üçün ortalama 12,5 manatdan artıq pul ödəyirsinizsə, deməli yanvarın 1-dən sonra, bu məbləğ keçən qaz sərfinin ikiqatını ödəyəcəksiniz. Əgər siz ayda 17,5 manatdan çox işıq pulu verirsinizsə, deməli yanvarın 1-dən sonra bu məbləğdən artıq sərfiyata 55% daha çox ödəniş edəcəksiniz".

"Yeniavaz.com" ekspertlərin Tarif Şurasının dünənki qərarı ilə bağlı fikirlərini təqdim edir:

Nazim Bəydəmirli (İqtisadçı ekspert, eks millət vəkili): "Differensial qiymət tətbiq etmək üçün tamam başqa şərtlər olmalıdır, onlar yoxdursa, bu sadəcə qiymət artımıdır!
P.S. Normal iqtisadiyyatda vahid tarif olur, differensial tarif korrupsiya mənbəyidir..."

Fəxri Ağayev: "Tarif Şurasının qərarına təəccüblənənlərə təəccüblənirəm. Nə gözləyirdiniz? Möcüzə? Mən qərarı normal qarşıladım, çünki çoxdandır bunu gözləyirdim. Səbəbi isə çox sadədir: Azərbaycanda heç bir dövlət və ya özəl qurumda effektivlik yoxdur. Effektivlik olmayan yerdə ucuz qiymətlərin olması mümkün deyil, əzizlərim. Bəs indiyə qədər necə olurdu ki, qiymət ucuz idi? Çox sadə - neftdən gələn gəlirlər sayəsində bütün ucuz qiymətlərin "deşikləri" bağlanırdı. Neft bitdi - ucuz qiymətlər bitdi - hərkəs yuxudan oyandı. Bu ölkədə illərdir heç kim maliyyəti hesablamadan işləyirdi. İndiyə qədər yuxuda yatan insanlar əsl iqtisdiyyatın, idarəçiliyin, biznesin və uğurun nə qədər bahalı bir şey olduğunu indi anlayacaqlar. İllərdir qeyri-adi inkişaf nağıllarına inananlar artıq oyanacaqlar. "Almaniya dağılır" əfsanələri bitdi. Almaniyanın kiçik bir sektoru ölkəmizin illik büdcəsindən dəfələrlə böyükdür, ay bu nağıllara inanan sadəlövhlər. Bu hələ harasıdır?! Dəfələrlə demişəm, bir daha deyəcəm: Əsl devalivasiyanı 2017-ci ildə hiss edəcəyik. Böyük gəlirlərin əldə edildiyi yuxu bitdi. Durun işləyin".

Samir Əliyev (iqtisadçı ekspert): "Qazın və işığın qiymətinin artırılması gözlənilən idi. 2016-cı ilin büdcə sənədində bu barədə qeyd olunmuşdu. Qısaca onu bildirim ki, artım prosesi bununla yekunlaşmayacaq. Dövrü olaraq kommunal xidmətlərin qiyməti artırılacaq. Səbəb kommunal xidmətlərin düzgün idarə edilməməsi səbəbindən maya dəyərinin daim şişməsidir. Bu qurumların fəaliyyətində şəffaflıq yoxdur və vəsaitlər səmərəsiz xərclənib. Dövlət büdcəsinin dəstəyi azaldıqca qiymətlər artacaq. Bir müddətdən sonra artım olmuş qurumlar maya dəyərinin yüksək olmasının və buna görə də satış qiymətinin artmasının vacibliyini bildirəcəklər. Ona görə də kommunal sektorda islahatlar aparılmalıdır və özəl sektorun cəlbinə diqqət artırılmalıdır. İlk olaraq qaz paylaması işi "Socar"dan geri alınmalı, yeni paylayıcı şirkət yaradılmalıdır. İndi növbə nəqliyyat sektorunundur. Bu sektorda qiymət artımı zaman məsələsidir. Görək hökumətin əhaliyə "yeni il hədiyyəsi" nə vaxt olacaq?".

Natiq Cəfərli (iqtisadçı ekspert): "Belə ağır qərar verilib, bir hökumət nümayəndəsi TV-yə çıxıb izah etmir ki, bu qərarın məğzi nədir, tariflər necə hesablanacaq, saymırlar, görmürlər vətəndaşı, çünki vətəndaşdan asılı deyillər. Qərarı 5 dəfə oxudum, bəzi izahlarım olacaq, amma oxuduqca suallar da artır: 1) Köhnə qiymətlə illik qaz limiti 1500 m3-dir. Deməli, məsələn, yanvar-fevral ayında limiti doldursan, növbəti 10 ay nə qədər işlətməyindən asılı olmayaraq 2 qat artıq, yeni qiymətlə ödəyəcəksən. Xub, bəs bu smart sayğac nə biləcək ki, 1500 doldu, daha 20 qəpikdən siləcək işlənən qazı? Məsələn, mən limiti mart ayının 2-də, gecə saat 1-də keçdim, amma sayğacda pulum var, sayğac nə biləcək ki, daha 20 qəpik silməlidir? Rövnəq məllim hər sayğaca sms göndərəcək?! 2) Köhnə qiymətlə aylıq elektik limiti 250 k/v-dır, keçdinsə artıq hər k/v-a 11 qəpik ödəməlisən. Xub, məsələn, ayın 23-cü günü limiti doldurdum, smart sayğacım necə həmən sayğaca yüklədiyim puldan 11 qəpik çıxmağa başlayacaq? Bu dəfə də "Azərişıq"ın prezidenti sayğaca zəng edəcək?!

Bunların özləri də, qərarları da multfilmdir. Elə biz də...".

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top