Həbsdə olan sabiq BTRİB rəhbəri: "2 milyonu ödəməyə hazıram"

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.

Prosesdə “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədovun yeni vəkillə müqavilə bağladığı məlum olub. Lent.az-ın məlumatına görə, hakim bildirib ki, Emin Məmmədov vəkil Tural Süleymanovla müqavilə bağlayıb. Hakim vəkilin prosesdə iştirak etməsinə razılıq verib.

Dövlət ittihamçısı Fərid Nağıyev əvvəlcə “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərovun ittihamnaməsini elan edib. İttihama görə, Cəlil Cəfərov 1,5 milyon manat mənimsəmədə ittiham edilir.

Cəlil Cəfərov elan olunmuş ittiham üzrə təqsirli bilməyib.

Daha sonra dövlət ittihamçısı “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətovun ittihamnaməsini oxuyub. O, 600 min manat mənimsəmədə ittiham edilir. Səhrab Hümbətov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

2 milyon manatlıq mənimsəmədə ittiham edilən Qəmbər Bəybalayev də özünü təqsirli bilmədiyini deyib.

Təqsirləndirilən Emin Məmmədov ifadə verməyə hazır olmadığını bildirib. Bildirb ki, ifadəsini yazır, hələ başa çatdıra bilməyib. Anar Mustafayev də ifadə verməyə hazır olmadığını deyib.

Daha sonra “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov ifadə verib. O, 10 milyon manatlıq mənimsəmədə ittiham edilir.

Beytulla Hüseynov bildirib ki, gördüyü işlərə görə yığılan vəsaitin 20 faizi Birlikdə qalıb, 80 faizini isə nazirliyə köçürüblər: "Bu Vidadi Zeynalovun da, sabiq nazir Əli Abbasovun ifadəsində göstərilib. Həmin 20 fazin 4 fazi paketlərə yönəlirdi, 6 faizi isə qovşaqlara göndərilirdi".

Onun sözlərinə görə, vəsaitlərin köçürülməsi barədə tapşırıqları nazirliyin rəhbərliyindən alıb.

O, dəymiş ziyanı ödəməyə hazır olduğunu bildirib: "Məhkəmə qarşısında söz verirəm ki, dövlətə dəymiş ziyanı ödəməyə hazıram. Mənim xidmətlərim olub”.

Beytulla Hüseynov əlavə edib ki, şəxsi büdcələri hesabına şəhid ailələrinə, Qarabağ döyüşlərində iştirak edənlərə pulsuz telefon çəkilməsini təmin ediblər.

O bildirib ki, Avropa oyunları ərəfəsində onlara xüsusi tapşırıq verilib: "Həmin tapşırıqları layiqincə yerinə yetirmişik, buna görə də mükafat almışıq. Avropa oyunları zamanı sifarişçi "Azəryolservis" olub. 4 milyon 564 min manatlıq iş görmüşük. Bu gün də həmin məbləğlə bağlı alacağımız var".

Beytulla Hüseynov daha sonra dövlət ittihamçısının suallarını cavablandırıb.

O bildirib ki, istintaqda dediyi kimi hər ay nazirliyə pul veriblər: "Ad çəkmək istəmirəm. Yalnız hər ay 200 min pul vermişik. İstintaqda hesablanan 10 milyon manatdır. Yalnız həmin məbləğ 22-24 milyon manata yaxındır. Həmin məbləği bu gün ödəməyə hazıram. Çox şeylər var ki, onları danışa bilmirəm. İltizama qol çəkmişəm".

Proses noyabrın 30-da davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top