
Qırğızıstanda seçkilərdə qeyri qanunu hallara yol verməmək üçün ölkənin müvafiq qanunlarına dəyişiklik edilib. Bununla əlaqədar "Yeniavaz.com" saytının CA-NEVVS agentliyinə istinadən verdiyi məlumata görə, növbəti parlament seçkilərində namizədlərin öz seçicilərini pulla ələ almasının qarşısını almaq üçün mövcud qanunvericilik aktlarında dəyişiklik ediləcək. Bu barədə açıqlama verən Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Abdıcapar Bekmatov deyib ki, qanuna ediləcək dəyişikliyə əsasən seçiciləri pulla ələ almağa cəhd edən namizədlər 5 il müddətinə azadlıqdan məhrum ediləcəklər. O hazırda bununla bağlı müvafiq qanun layihəsinin parlamentdə nəzərdən keçirildiyini də öz sözlərinə əlavə edib. Bekmatov: "Qırğızıstanın ən böyük problemi namizədlərin seçiciləri pulla ələ almasıdır. Bununla bağlı qanunda əvvəllər 3 il həbs cəzası nəzərdə tutulmuşdu. Ancaq bunun nəticə vermədiyini görüb seçicinin pulla ələ alınmasına görə həbs müddətinin 5 ilə qədər artırılması barədə qanunda dəyişiklik edilməsi qərara alınıb",-deyib. Öz növbəsində Qırğızıstan Daxili İşlər Nazirliyinin rəsmisi Nurlan Utemisov deyib ki, seçiciləri pulla ələ almağa cəhd edən namizəd sərt şəkildə cəzalandırılacaq. O bundan məqsədin ölkədə korrupsiyaya uğramış güclərin parlamentə seçilməsinin qarşısının alınması olduğunu vurğulayıb.
Tətbiqimizi yükləyə bilərsiniz