"Bu dəyişikliklər mülki dövriyyə üçün problemlər yaradacaq"

"Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifi ilə bir sıra qanuna edilən dəyişikliklər artıq dərc edilib və qüvvəyə minib. Bu dəyişikliklərin mahiyyəti bir tərəfə, hazırlanma səviyyəsinin özü çox aşağıdır". "Yeniavaz.com" xəbər verir ki, belə bir iddia ilə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov çıxış edib. Onun sözlərinə görə, ölkənin əsas iqtisadi qanunu olan Mülki Məcəlləyə 2 dəyişiklik edilib və hər ikisi də müəlliflərinin hüquqi bisavadlığından xəbər verir: "Bu dəyişikliklər mülki dövriyyə üçün ciddi problemlər yaradacaq.

Məcəllədə "Tələbin güzəşti" adlı 194-cü maddə var. Mahiyyəti ondan ibarətdir ki, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər, bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın.

Palatanın təklifi ilə həmin maddəyə aşağıdakı cümlə əlavə edilib: "Bu halda "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur". Əslində, bu əlavəyə heç bir ehtiyac yox idi. Bu, onsuz da ehtiva olunur, çünki borclunun, bir qayda olaraq, ona qarşı olan tələbin güzəştinə razılığı tələb olunmur. Amma edilmiş dəyişiklik nəticəsində indi belə çıxır ki, tələb sahibi ilə borclu arasındakı müqaviləyə dəyişiklik yalnız bank münasibətləri üzrə tələb olunmur, başqa hallarda isə tələb olunur. Başqa sözlə, mülki hüququn vacib institutlarından biri yalnız bank sistemində normal işləyəcək, qalan hallarda isə faktiki işləməyəcək. Sadəcə, mülki dövriyyəni ağırlaşdırdılar, vəssalam".

DİGƏR XƏBƏRLƏR

Top