
Rusiyada prezident Vladimir Putin və baş nazir Dmitri Medvedev də daxil olmaqla yüksək çinli dövlət məmurlarının 2016-cı ildə əldə etdikləri qazancları açıqlanıb. "Yeniavaz.com" Rusiya prezidentinin rəsmi saytına istinadən bildirir ki, ötən il ən çox qazanan bu ölkənin Şimali Qafqaz üzrə məsul naziri Lev Kuzneçov olub. Kuzneçovun ötən il üçün açıqladığı gəlirləri, xərcləri və əmlakı haqqında bəyannaməsində qeyd olunur ki, onun illik qazancı 582 milyon rubla (10,4 milyon dollar) bərabər olub. Baş nazir Dmitri Medvedevin illik qazancı 8,6 milyon rubla (154 min dollar) bərabər olub və qazancına görə Rusiya Nazirlər Kabineti üzvləri arasında 18-ci sırada yer alıb. Bu isə o deməkdir ki, Rusiya Nazirlər Kabinetinin 17 üzvünün qazancı baş nazirin gəlirlərindən yüksəkdir. Məlumat üçün qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin də qazancı Nazirlər Kabinetinin həmin 17 üzvünün qazancı ilə müqayisədə də aşağıdır. Prezident Vladimir Putinin açıqladığı bəyanatda qeyd olunur ki, onun illik qazancı 8,86 milyon rubl (158 min dollar) olub. Halbuki Nazirlər Kabinetinin üzvlərini qazanclarına görə sıraladığımız zaman bel görünür ki, 17-ci sırada yer alan baş nazirin müavini Vitali Mutkonun illik qazancı 9 milyon rubla (161 min dollar) bərabər olub. Bunlardan başqa müdafiə naziri Sergey Şoyqunun illik qazancı 10,6 milyon rubl (189 min dollar), xarici işlər naziri Sergey Lavrovun illik qazancı 6,8 milyon rubl (121 min dollar) təşkil edib. Ən az qazanan isə kənd təsərrüfatı naziri Aleksandr Tkaçev olub. Kənd təsərrüfatı nazirinin illik qazancı 5,6 milyon rubla (100 min dollar) bərabər olub.
Tətbiqimizi yükləyə bilərsiniz