"Sizə bu boyda vəzifə həvalə olunub" - "Nə qədər mal-mülk toplamaq olar?" - Üzeyir Cəfərov

"Bu fikirlərim ola bilsin ki, bəzi dostlarda bir qədər qəribə hisslər yaratsın. Ola bilsin ki, onlar düşünsünlər ki, hərbçi hara, bu mövzu hara? Amma, xahiş edirəm, yazılanlara imkanınız və vaxt baxımından bir az diqqət ayırasınız, sonra fikirlərinizi bildirəsiniz. Məsələ son dərəcə ciddi və prinsipial olduğuna görə, hesab edirəm ki, peşəsindən və tutduğu mövqedən asılı olmayaraq hər kəs bu haqda çox sərt şəkildə öz etirazını bildirməlidir". "Yeniavaz.com" xəbər verir ki, bunu hərbi ekspert, tanınmış ictimai fəal Üzeyir Cəfərov bildirib.

Ü. Cəfərov qeyd edib ki, söhbət bizim bəzi icra başçıları və bələdiyyə orqanlarının Bakının, Azərbaycanın rayon və şəhərlərinin, qəsəbə və kəndlərinin sanki qəsdinə durmasından gedir: "Əsasən də, söhbət yerlərdə icra başçılarının qeyri-səmimiyyətindən gedir. Müşavirələrdə ölkə başçısının ağzından çıxan hər kəlməni yazan nazir, komitə və icra başçılarının tam əksəriyyəti, Prezident Adminstrasıyasından çıxandan sonra, sanki bir başqa dünyaya düşmüş kimi özlərini hiss edirlər. Orada az qala 4 qat əyilən bəzi məmurlar, öz rəhbəri olduqları sahələrin ərazisinə çatan kimi, "şirə-pələngə" çevrilirlər. Başlayırlar öz bəzi çirkin əməllərini həyata keçirməyə. Axı nə qədər olar? Niyə bu gün Azərbaycan cəmiyyətində əksər nazir və icra başçıları ilə bağlı bu cür əsəbilik hökm sürür? Çünki, onların bir çoxu özlərini çox yekəxana, saymazyana aparırlar".

"Gəldim əsl mətləbin üstünə. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırıldı. Necə deyərlər, sağ olsun, mətbuat və sosial şəbəkələr. Onlar bunu yazdılar və prezident də haqlı olaraq bu işin qarşısını aldı. Bu işə məsul olan dövlət qurumlarının məsul şəxsləri də işdən çıxarılmalı və cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bəlkə, bu faktın özü, Bakı şəhərini, Azərbaycanı öz dədələrinin şəxsi əmlakı ilə səhv salan bəzi nazir və icra strukturlarının rəhbərləri üçün bir dərs oldu. Axı, mərhum prezident Heydər Əliyev ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməli olduğunu, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini ömrünün sonuna kimi daim qeyd edirdi. Yaxud, hazırkı dövlət başçısı İlham Əliyev də, neçə dəfələrlə qəti olaraq xərərdarlıq edib ki, belə hallara yol verilməsin. Mən sizə tam əminliklə deyirəm ki, bu gün Bakının Xətai, Binəqədi, Yasamal, Sabunçu rayonlarının icra başçıları da maddi maraqlar müqabilində torpaqların satılmasını həyata keçiriblər və bu proses bu gün də davam edir. Və bu işləri həyata keçirərkən sayı-hesabı bilinməyən yaşıllıqlar, çoxillik ağac və bitkilər məhv edilb və edilir. Nə qədər mal-mülk toplamaq olar? Məhv etdiyiniz yaşıllıqlar bizim ömrümüzü qısaldır. Xəstəliklər baş alıb gedir. Bəlkə bir az da tarixdə qalmaq üçün əməli iş(lər) də görəsiniz? Sizə bu boyda vəzifələr həvalə olunub.

Mən uzun illər Müdafiə Nazirliyi sistemində də olan neqativ hallar haqqında həm yazmışam da, demişəm də, başım da min bəlalar çəkib. Haqq sözdən və ədalətdən heç vaxt çəkinməmişəm və çəkinmirəm. Ölkə prezidenti İlham Əliyev sonuncu kəskin reaksiyanı göstərəndən, tikinti işlərinin dərhal dayandırılması və məsələnin nəzarətə götürülməsi haqqında göstəriş verəndən sonra çoxları "qeyrətə gəlib". Sərt səslənsə də, yazacağam. Sizin min hoqqa və fırıldağınızdan birini ölkə başçısı dayandırdı. Amma, görəsən, bu sizə sonuncu xəbərdarləq olacaqmı?

Ən sonda, çox istərdim ki, Prezident Adminstrasıyası, Nazirlər Kabineti və digər əlaqədar dövlət və hökumət strukturları da öz işlərində çox ciddi dönüş yaratsınlar. Əgər hər işi dövlət başçısı görəcəksə, edəcəksə, onda bu qədər məmur ordusunun saxlamasına nə ehtiyac var? Tanrı Azərbaycanımızı və Xalqımızı qorusun".

DİGƏR XƏBƏRLƏR

Top