Nağdlaşdırmaya tətbiq edilən rejim qanuna ziddir - EKSPERT RƏYİ

Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) fiziki şəxslərin banklarındakı cari və əmanətlərin hesablarından vəsaitlərini çıxarmasına məhdudiyyət qoyulmadığı barədə məlumat yayıb. Məlumata əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” qanundan irəli gələn müvafiq rejim onların açdıqları bank hesablarına tətbiq edilir. Yəni, sahibkar fiziki şəxslər də vəsaitlərini hüquqi şəxslərdə olduğu kimi qanunun müvafiq tələblərini yerinə yetirdikdən sonra nağd şəkildə çıxara bilərlər.
Vergi üzrə ekspert Vəli Əliyev məsələni Fins.az-a şərh edərkən bildirib ki, banklarda nağdlaşdırma zamanı hüquqi şəxslərə tətbiq edilən rejim fiziki şəxslərə tətbiq edilə bilməz: "Misal üçün, fiziki şəxs 1000 manat gəlir əldə edirsə, DSMF-yə və büdcəyə olan ödənişlərini yerinə yetirdikdən sonra hesabda qalan pul vəsaiti həmin şəxsin mülkiyyətidir. Həmin pul vəsaitini nağdlaşdıraraq (nağdlaşdırmaya görə 1% sadələşdirilmiş vergi tutulmaq şərti ilə) şəxsi məqsədləri üçün istifadə etməsini kimsə məhdudlaşdıra bilməz. Bu Mülki Məcəllədə də öz əksini tapıb".

Ekspert qeyd edib ki, Mülki Məcəllənin 954.3-cü maddəsinə əsasən, bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz. Eləcə də müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesab müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz.

"Digər tərəfdən bir neçə gün bundan öncə Parlamentin spikeri cənab Oqtay Əsədov düzgün qeyd edib ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun qəbul edilməsində tələskənliyə yol verilib. Bəli, "Nağdsız hesablaşmalar haqqında" Qanunun müddəaları ilə Mülki Məcəllənın müddəaları bir birinə ziddir. Mülki Məcəllənin 971.1-ci maddəsinə əsasən, fiziki şəxslərin iştirakı ilə hesablaşmalar onların sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı deyilsə, məbləğ məhdudlaşdırılmadan nağd pullarla və ya nağdsız qaydada aparıla bilər. Lakin "Nağdsız hesablaşmalar haqqında" Qanuna əsasən, fiziki şəxs kommunal xərcləri mütləq nağdsız ödəməlidir. Yaxud da fiziki şəxsə sığorta ödənişi nağdsız yerinə yetirilməlidir. Hesab edirəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının nağdlaşdırma ilə əlaqədar tətbiq etdiyi məhdudiyyət kobud qanun pozuntusudur".

DİGƏR XƏBƏRLƏR

Top