Ermənistan lazım gələcəyi təqdirdə heç kimdən soruşmadan "İsgəndər "raketlərindən Azərbaycana zərbələr endirmək məqsədi ilə istifadə edəcək. "Yeniavaz.com"un panarmenian.net-iə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Rusiyadakı yeni səfiri Vardan Toqonyan "İnterfaks"a müsahibəsində deyib. O iddia edib ki, Azərbaycanın sürətlə silahlanması Ermənistan üçün təhlükə törətməkdədir və ona görə də buna qarşı kompleks cavab tədbirləri həyata keçirilir: "Ordumuzda olan "İsgəndər"lər vətəndaşlarımızın və ölkəmizin təhlükəsizliyinin təmini üçün lazımdır. Bu yaxınlarda prezident Serj Sarkisyanın da dediyi kimi lazım gələcəyi təqdirdə təhlükəsizliyimizi təmin etmək naminə "İsgəndər"lərdən istifadə edəcəyik".
Toqonyan Rusiya ilə birgə hava hücumundan müdafiə barədə birgə anlaşmaya malik olmasına baxmayaraq "İsgəndər"lərdən istifadənin Ermənistanın səlahiyyətində olduğunu növbəti dəfə təkrar edib. Xatırladaq ki, Ermənistan aprel dörüşlərindən sonra Moskvanın 200 milyon krediti hesabına Rusiyadan 4 batareya "İsgəndər" zenit-raket kompleksi aldığını rəsmi şəkildə bəyan edib. Amma bu zenit-raket komplekslərinin Ermənistan ordusunun sərəncamında hələ 2015-ci ildən olduğu məlum idi.