"Bizim ölkədə yuxarı sürətlə təhlükəsiz hərəkəti təmin edən yol yoxdur"

Bakıda 3 nəfərin yanaraq öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı müzakirələr davam edir. Məlumat üçün bildirək ki, hadisə Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb. Şosedə hərəkət edən iki avtomobil toqquşub. Hadisə nəticəsində avtomobillərdən biri yanıb.

"Yeniavaz.com" xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da məsələyə münasibət bildirib.

"Bu gün də səhəri ağır qəza barədə xəbərlə açdıq. Detallarını bilmirəm. Ancaq onun hansı yolda və necə baş verdiyi barədə 2-3 cümləlik məlumat yetərlidir ki, ümumi fikir bildirək. Dəhşət odur ki, eyni istiqamətdə (üz-üzə yox) gedən avtomobillər toqquşur və 3 adam ölür, hətta yanaraq ölür".

Ekspert sürücülərə müraciət edərək, bəzi tövsiyələrini verib: "Sürücü dostlar, xahiş edirəm, bunları yadda saxlayın:

1. Bizim ölkəmizdə 90 km/saat-dan yuxarı sürətlə təhlükəsiz hərəkəti təmin edən yol yoxdur.

2. Ara məsafə saxlayın, özünüzə hər zaman rahat manevr və mümkün qəzadan qaçmaq üçün məkan saxlayın. Qabaqda gedənin arxasına söykənib özünüzə tələ düzəltməyin və s.

3. Yolu təhlükəli edən əsas amil orada hərəkət edənlərdir. Yollarımızda hər cür ağılda, düşüncədə olan, metal və palstik kütlə yığınını minib yola çıxan adamlar var. Onları da fərqləndirmək asan iş deyil. Sadəcə özünüzü qoruyun.

4. Sərt manevr etməyin, yalandan tələsməyin. Bir düşünün, görün doğrudanmı tələsirsiniz? Tələsərək nəyə nail olacaqsınız".

DİGƏR XƏBƏRLƏR

Top