"Yeyib-içdiyini balkondan atan belə ailələr var" - "Onlarda qanacaq, mərifət yoxdur"

"İndi elə bil belələrinin sayı artıb".

Bakının Binəqədi rayonunda - metronun "Azadlıq" stansiyasının yaxınlığında (Kəmalə Nərmin şadlıq evi ilə üz-üzə) yaşıllıqların qırılıb yerində bina və restoranların qırılması faktı ilə bağlı zəng vurduq ekoloq Telman Zeynalova. Amma sinəsi dolu imiş - təkcə bu məsələdən yox, bir neçə problemdən danışdı.

Milli Ekologiya Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov sözügedən ərazidə yaşıllıqların qırılması faktına belə münasibət bildirdi: "Söhbət ondan gedir ki, yaşıllıqları qıra-qıra kimsə özü üçün mülk tikir, imarət tikir, mehmanxana, bina və ya kafe-restoran tikir. Müstəqillik əldə etdikdən sonra Bakı bir meqapolis kimi genişlənir. Meqapolis böyüdükcə kimin ağlına nə gəlir, onu da həyata keçirir. Dövlətin şəhərsalma üzrə proqramı var - sonra da ayılıb görürlər ki, buna uyğun deyil, başlayırlar söküb dağıtmağa, təzədən salmağa. Yəni bu pul yemək deməkdir. Bakının bir çox yerlərində üzr istəyirəm, insanlar daxmalarda yaşayır. Müəyyən yerlərdə binalar tikirlər ki, camaat normal şəraiti olan yerlərdə yaşasın. Həmin yerlərin ətrafında yaxşıdır ki, yaşıllıqlar salınır. Ancaq elə ərazilər də var ki, yaşıllıqları qırıb bina tikirlər. Təbii ki, bu yolverilməzdir. Bakı şəhəri böyüyür. Görürsünüz, Bakını Sumqayıtla birləşdirirlər. Paytaxt ətrafında nə qədər çirkab ərazilər var, hamısını təmizləyirlər, yaşıllıq salırlar. Buradada yaşıllığı qırıb bina tikirlər. Nə qədər ki, meqapolisin böyüməsi prosesi bitməyib, bu davam edəcək. Şəhərin mərkəzində bəli, plana uyğun işlər görülür. Amma kənarlarında yox".

Telman Zeynalovun dediyinə görə, 7-ci mikrorayonla 9-cu mikrorayon arasında qanunsuz müəssisələr var ki, ətraf mühiti çirkləndirirlər: "Siz bu barədə də məsələ qaldırın. Şüşə istehsalı zavodu var, təkrar emal zavodları var - bunlar ətraf mühiti çirkləndirirlər. Orada yaşamaq mümkün olmur. Oralara da gedin baxın, görün nələr baş verir".

"Biz hələ öyrənməmişik"

Telman müəllimə Bakının mərkəzində nə səbəbə piknik yerlərinin olmaması ilə bağlı da sual verdik. Qəribədir ki, ekspert bunun əleyhinə olduğunu dedi: "Şəhərin mərkəzində bu qəti qadağandır. Türkiyədə mən də olmuşam. Orada da şəhərin mərkəzində "piknik" yerləri olmur. Kənarda, yaşıllıq, meşəlik olan ərazilərdə, istirahət guşələrinin ətrafında "piknik" yerləri çoxdur Türkiyədə. Azərbaycanda meşəlik azdır, onlarda isə həmin zonalarda meşəlik çoxdur. Oradada bunu yaradırlar. Şəhərin mərkəzində belə yerlər olmaz, qardaş. Bizim insanların xüsusiyyətlərinə bələdsən. Siqareti çəkib hara gəldi atırlar, yanğın təhlükəsini bəziləri nəzərə almırlar. Bir də gördün həmin o yaşıllıq od tutub yandı, kim cavabdehlik daşıyacaq? Biz hələ öyrənməmişik. Ancaq sovetin dövründə nəzarət var idi, təpinirdilər, 15 sutka həbs verirdilər. İndi o yox, bu yox. Cərimə yazırlar, pul hara gedir heç kəsə bəlli deyil, kimlərsə ciblərini doldurur, dövlətin büdcəsinə daxil olmur. Ona görə də vəziyyət belədir.

Məni dəvət ediblər, İdarəçilik Akademiyasında bu ildən dərs deyirəm. Nə qədər maarifləndirmək olar? Xeyri yoxdur. Tələbələrə burdan deyirəm, ordan dərsdən çıxan kimi siqareti çəkib atırlar yerə. Qanacağınız olsun də. Sən özün nəfəs alırsan orada. Sovet dövründə Bakıda mərkəzdə yox, kənarda "piknik" yerləri var idi. Dəniz qırağıdır, gedirdilər sahildə istədiklərini edirdilər. Ancaq qurtarandan sonra yığışdırırdılar, çünki nəzarət var idi. Lakin indi yoxdur. Doludur hər yer zibillə".

"Camaata iş yeri açmaq, təkrar emalı inkişaf etdirmək lazımdır"

Ekoloqun sözlərinə görə, Bakıda tullantıların idarəolunması ilə bağlı vəziyyət qənaətedici deyil: "Tullantıları idarə etmək yeni qanunlar, sərəncamlar icad eləmək, yazmaq, təqdim eləmək demək deyil. Tullantıları idarə eləmək üçün, qablaşdırmaq üçün birincisi qablaşdırma olmalıdır. Qablar qoyulmalıdır. Bu yoxdur. Vaxtaşırı tullantıları daşımaq, plastikləri ayrı, taxta materiallarını ayrı, yeyinti məhsulları ayrı daşınmalıdır. Bizdə isə bunların hamısını bir maşına doldurub daşıyırlar. Bunlar hamısı qayda-qanuna salınmalıdır. Yeni fabriklər, zavodlar açılmalıdır bunun üçün. Həm camaat işlə təmin olunmalıdır, həm də bu məsələ həll olunmalıdır. Zibili daşımaqla, yandırmaqla iş bitmir. Mən var-dövlətimi yandırıram. Nə var, nə var enerji və yaxud istilik alacağam. Nə Bakıda, nə də kənd yerlərində bu məsələlər həll olunmayıb.

Cənab prezidentin sərəncamı ilə regionların özünü maliyyələşdirmə sisteminə keçilib. Daha rayonların maliyyələşməsinə pul buraxılmayacaq. Pul ayrılırdı indiyədək rayonlara. Ancaq park salırlar, muzey tikirlər, qurtardı getdi. Tullantıları idarə eləmək lazımdır, bundan kifayət qədər gəlir əldə etmək olar, iş yerləri açmaq olar, həm də hər yer çirkabdan xilas olar. Yeni müəssisələr açmaq lazımdır, camaata iş yeri açmaq lazımdır, təkrar emalı inkişaf etdirmək lazımdır.

Bu yaxınlarda mənə Saatlı, Sabirabad, İmişli rayonlarının icra hakimiyyətlərindən zəng vurdular ki, Telman müəllim, bəs nə edək? Dedim ki, mən "kənd investisiya layihəsi" çərçivəsində sizin kəndlərdə icmalarla görüşlər keçirirəm. İcra nümayəndələri, bələdiyyə nümayəndələri, ekologiya bölməsi, fövqəladə hallar bölməsi iştirak edir və mən nə etmək lazım olduğunu deyirəm, amma siz yerinə yetirmirsiniz. Daha mən nə edim".

"Qanacaq, mərifət yoxdur"

Müsahibimiz zibili zibil qabına yox, həyətlərə atan ailələrdən də danışdı: "Zibili həyətə atan insanlar əvvəllər də var idi, indi də var. Ancaq indi elə bil belələrinin sayı artıb. Yeyir, içir, balkondan atırlar. Qanacaq, mərifət yoxdur. Belələrini ağıllandırmaq üçün ciddi tədbirlər görmək lazımdır. Cərimələmək, cəriməni verə bilmədisə, əlinə bel verib küçələri təmizlətdirmək lazımdır. Onda bəlkə ağılları başlarına gələr".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top