Azərbaycanda və dünyada nə qədər məscid var? - Ölkələrin SİYAHISI

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən "Hacı Cavad" məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib. "Yeniavaz.com" xəbər verir ki, məsələyə münasibət bildirən Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqımızın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunması, hər bir şəxsin dini ehtiyaclarının ödənilməsinə zəruri şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Əli Həsənov həmçinin bildirib ki, əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatıb. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur.

Dünya müsəlmanlarının hər 500 nəfərinə bir məscid düşür, Azərtbaycanda isə hər 4 min 480 nəfərə bir məscid düşür

Bəs görəsən 10 milyona yaxın əhalisi olan Azərbaycan üçün 2166 məscidin olmasını qənaətbəxş hesab etmək olarmı? "Yeniavaz.com" Dövlət Statistika Komitəsinin açıqladığı məlumata istinadən bildirir ki, 2016-cı ildə ölkə əhalisinin sayı 9,7 milyondan çox olub. Bu isə o deməkdir ki, əhalinin (böyük əksəriyyəti müsəlmandır) hər 4 min 480 nəfərinə bir məscid düşür. Məlumat üçün bildirək ki, dünya üzrə analoji göstərici Azərbaycanla müqayisədə 9 dəfə azdır. Yəni, dünya müsəlmanlarının hər 500 nəfərinə bir məscid düşür. Dubay Əmirliyinin İqtisadi İnkişaf Mərkəzinin açıqladığı məlumata görə, dünyada 3,6 milyon məscid mövcuddur. Məscidlərin sayına görə, ilk sırada İndoneziya dayanır. 221 milyon müsəlmanın yaşadığı bu ölkədə 800 min məscid fəaliyyət göstərir. Bu o deməkdir ki, İndoneziyada hər 27 nəfərə bir məscid düşür. Başqa bir müsəlman ölkəsi Banqladeşdə 250 min məscid var. Banqladeşin paytaxtı Dəkkədə 6 min məscid fəaliyyət göstərir. Hindistanda qeydiyyatda olan məscidlərin sayı 300 minə yaxındır. Pakistanda isə bu rəqəm 120 minə bərabərdir. Qardaş Türkiyədə isə 86 mindən çox məscidin olduğu bildirilir. Milyard yarımdan çox əhalinin olduğu Çində 39 min məscid mövcuddur və bunun 25 mini uyğurların yaşadığı bölgələrdədir. Şimal qonşumuz Rusiyada isə 7 min məscidin fəaliyyət göstərdiyi qeyd olunur. ABŞ-da isə bu rəqəmin 2 min 500-ə yaxın olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top