Münasibətlərdə problem olanda zamanında tədbir görmək lazımdır - Psixoloq rəyi

30 yaşlı xanımın sözlərinə görə, 5 il ərzində sevgili olduğu oğlan ona ümid verib, sonra onunla ailə qurmayıb. Ona görə də oğlan bu hərəkətinə görə, məsuliyyətə cəlb olunmalıdır. Çünki, xanım sevdiyi oğlandan ayrıldıqdan sonra ailə həyatı qura bilmir. Xanım iddia edir ki, keçmiş sevgilisi onu 5 il ərzində sevdiyini deyib, ailə quracaqlarına inandırıb. Son vaxtlarda isə sözündən geri çəkilib. Həmçinin bildirib ki, sevgilisinin ailəsi ilə yaxşı münasibətləri olub. Anası onların evlənməsinə razı imiş. Sevdiyi oğlandan ayrıldıqdan sonra ailə həyatı qura bilmir. Buna görə də hüquqlarının bərpa olunmasını istəyir.

Bu məsələ ilə bağlı psixoloq Elnur Rüstəmov "Yeniavaz.com"a müsahibə verdi. O bildirdi ki, biz gender bərabərliyindən, hüquqların bərabərliyindən danışırıq: "Əgər bu xanım 25 yaşında bir oğlanla münasibəti olubsa, sabah eyni iddia ilə oğlanda çıxış edə bilər. Deyər ki, mən də 5 ilimi bu xanıma sərf eləmişəm. Açığı bu bu dərəcədə qabardılacaq məsələ deyil. Xanımın da bu məsələyə bu qədər köklənməsi normal psixoloji yanaşma kimi qəbul edilə bilməz. Bu normal hal deyil. O oğlan deyəcək ki, bu problemlərə görə xanımdan uzaqlaşmışam. Biz indi elə bir dönəmdə yaşayırıq ki, hər şeyi müzakirəyə çıxarırlar. Qeyri-adiliklər bundan sonra hələ çox olacaq".

"Oğlan və ya qız obyektiv qərar verməyi bacarmalıdırlar"

İddia ilə çıxış edən xanımın münasibətinin 5 il davam etdiyini xatırladan psixoloqun sözlərinə görə insan bir ildən sonra başa düşə bilərdi ki, münasibət qaydasında deyil: "Ayrıla da bilərsən, uzaqlaşa da bilərsən, yəni bu seçim insanın özündən asılıdır. Bu gün tanışlıq üçün vasitələr çoxdu. Sosial şəbəkələr, mobil telefonlar və s. resurslar insanların daha tez tanış olmalarına şərait yaradır. Dünənə qədər bu imkanlar yox idi. O vaxt evlənəndə şəkil göstərirdilər. Ancaq bugün insanlar fərqi yoxdur oğlan və ya qız, ciddi bir münasibət üzərində düşünürlərsə obyektiv qərar verməyi bacarmalıdırlar. Bunu dəyərləndirməlidirlər ki, mən ömrümün qalan hissəsini bu insanla davam edə bilərəm ya yox?! Hətta gərəkirsə bununla bağlı psixoloqa da müraciət edilməlidir. Bunun üçün çəkinməməlidirlər. Problem varsa bunun vaxtında üstünə düşmək lazımdır".

"Evlənərik düzələr, biraz keçər qaydaya düşər - bu yanlışdı"

Söhbət ciddi münasibətdən, ailə həyatından gedirsə tərəflərin yüz ölçüb bir biçməli olduğunu deyən müsahibimiz bildirdi ki, nə olsun bu gün imkanlar genişdi: "Ancaq bəzən seçimlərdə problemlər olur. Dünən bizim seçim imkanlarımız az idi, ailələrimiz dayanıqlı idisə, bu gün seçim imkanı çoxdu lakin ailə dayanıqsızdı. Ortaya qəribə bir paradoks çıxır. Çox vaxt insan görməməzlidən gəlir: evlənərik düzələr, biraz keçər qaydaya düşər. Bu yanlışdı, əslində problem daha da dərinləşir. Ona görə də zamanında tədbir görmək lazımdır. Əgər sən görürsən ki, münasibət qaydasında deyil, sual yaranır niyə davam etdirirsən? Və yaxud niyə tədbir görmürsən?

Bu hadisənin məhkəmə perespektivi də yoxdur, hüquqi baxımdan da doğru deyil. Sabah birdə görəcəyik ki, bir başqası da belə bir addım atıb. Doğru deyil. Yenə deyirəm, normal münasibətlərdə bu cür problemlər olmur, müşahidə edildiyi təqdirdə müdaxilə edilməlidir".

Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top