Dortmundda partlayış baş verən yerdən üç yazılı kağız tapılıb

Aprelin 11-də Almaniyanın Dortmund şəhərində partlayışların baş verdiyi yerdən üç yazılı kağız tapılıb. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, bunu Almaniya Baş Prokurorluğunun nümayəndəsi deyib.

Onun sözlərinə görə, tapılmış kağızların birində NATO-nun Almaniyanın Ramştayn şəhərində yerləşən aviasiya bazasının bağlanılması tələb olunur. Prokurorluqdan qeyd ediblər ki, yazılı kağızlarda “Tornado” təyyarələrinin Suriyadan çıxarılması barədə də bəhs olunur. Hazırda kriminalistlər kağızları yoxlayırlar. Partlayışları İŞİD terror qruplaşmasının, yaxud antifaşistlərin törətdiyi güman edilir.

Xatırladaq ki, aprelin 11-də Dortmundda “Borussiya” futbol klubunun avtobusunun yaxınlığında 3 partlayıcı qurğu işə düşüb. Nəticədə “Borusiyya”nın futbolçusu Mark Bartra və bir polis yüngül xəsarət alıb. Partlayışla əlaqədar həmin gün keçirilməsi planlaşdırılan Çempionlar Liqasının “Borussiya”-“Monako” oyunu təxirə salınıb.

Qeyd edək ki, Türkiyənin İncirlik bazasında 6 ədəd “Tornado” kəşfiyyat təyyarəsi yerləşir. Onlar ABŞ-ın başçılıq etdiyi beynxalq koalisiyanın Suriya və İraqdakı hərbi əməliyyatlarında iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top