
Dünyanın bir çox ölkələrində kredit və vergi ödənişi sistemində vətəndaşlar üçün bonus sistemi tətbiq edilir. Yəni kreditini və vergisini vaxtlı-vaxtında ödəyən vətəndaşa ildə bir və ya iki dəfə həmin məbləğin müəyyən faizi bonus olaraq qaytarılır.
Eyni sistem Rusiyada da tətbiq edilir. Məsələn, Rusiyanın Xabarovsk vilayətində yaşayan soydaşımız Cabir Abbasov bir müddət sonra bu ölkənin vətəndaşlığını qəbul edib. Dediyinə görə, bankdan götürdüyü ipoteka krediti ilə yaşadığı yerdə 2 otaqlı mənzil alıb. Hər ay kreditini vaxtlı-vaxtında ödəyir. Bundan əlavə, həm özü, həm də həyat yoldaşı işlədiyi yerdən aldığı maaşa görə dövlətə vergi ödəyir.
C. Abbasovun dediyinə görə, həm kreditə görə, həm də ödədiyi vergiyə görə ildə bir və ya iki dəfə onun hesabına bonus məbləğ yüklənir. Bu, təkcə Cabir Abbasova deyil, orada yaşayan və dövlət müəssisələrində çalışanların çoxuna aiddir.
Soydaşımız bildirir ki, bonus olaraq yüklənən vəsait kifayət qədər ciddi məbləğdir və ona problemlərinin həllində əməlli-başlı köməkdir. Bəs Azərbaycanda necə, belə bir sistemin tətbiqi mümkündürmü? Tətbiq olunmasına hər hansı maneə varmı?
Mövzunu "Yeniavaz.com" saytına İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov şərh edib.
"Vətəndaş krediti vaxtlı-vaxtında qaytardığı üçün bu güzəştdən yararlanmış olur"
Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanda bonus sistemi tətbiq edilmir: "Azərbaycanda kreditlərin ödənməsi, kredit öhdəlikləri banklarla müştərilər arasında bağlanmış müqaviləyə əsasən müəyyənləşir və müştəri həmin müqaviləyə görə öz üzərinə öhdəliklər götürür. Eyni zamanda təbii ki, bankın da öhdəlikləri olur. Mövcud müqaviləyə və eyni zamanda qanunvericiliyə əsasən, öhdəliklər banka vəsaitin ödənilməsi formasında həyata keçirilir. Banklar tərəfindən Azərbaycanda bonusun müəyyənləşdirilməsi və vətəndaşa ödənilməsi mexanizmləri yoxdur. Ancaq bir çox ölkələrdə həm bonus sistemi fəaliyyət göstərir, həm də bankın kredit götürən şəxs kimi müştərisi olan zaman digər xidmətlərdə güzəştlər tətbiq edilir. Məsələn, Amerika Birləşmiş Ştatlarında bank, sığorta və digər xidmətlər göstərən holdinqlərin bankından kredit götürən şəxs borcunu vaxtında ödəyirsə, bu zaman holdinq vətəndaşa həm də aşağı qiymətə, yəni digərlərindən daha ucuz sığorta xidməti təklif edir. Vətəndaş krediti vaxtlı-vaxtında qaytardığı üçün bu güzəştdən yararlanmış olur.
Amerika Birləşmiş Ştatlarında istehlaka uyğun olaraq vergilərin bir hissəsinin bonus şəklində vətəndaşa qaytarılması praktikası da var. Düzdür, bu bütün inkişaf etmiş ölkələrdə tətbiq edilmir. Lakin ABŞ-da vergi ödəyicilərinə tətbiq olunan bonus sistemi var və tətbiq olunur".
"Səhmdar cəmiyyətlər var ki, istəsələr, bunu edə bilərlər"
Ekspertin fikrincə, Azərbaycanda da banklar stimullaşdırmaq məqsədi ilə ödənilən kreditin müəyyən hissəsini bağışlaya və ya bonus formasında vətəndaşın hesabına yönəldə bilərlər: "Bu halda vətəndaşın cari hesabına bonus formasında müəyyən vəsaitlərin qaytarılması həyata keçirilə bilər. Amma Azərbaycan qanunvericiliyində qeyd etdiyimiz halların heç biri nəzərdə tutulmayıb".
Onun sözlərinə görə, ölkəmizdə banklar tərəfindən də bu tip stimullaşdırıcı tədbirlər həyata keçirilmir: "Bankların fəaliyyəti indi bizdə əslində reallıqda daha yüksək faizlərlə kreditlər təklif etmək və verməkdən, vətəndaşların kredit öhdəliklərini yerinə yetirməsinə nəzarət etməkdən ibarətdir. Təəssüf ki, inkişaf etmiş ölkələrdə olan bonus və ya ucuz qiymətə xidmətlərin təklif edilməsi praktikası Azərbaycanda yoxdur. Banklar özləri bunu edə bilərlər. Bunu qanunvericilik müəyyənləşdirmir, ancaq qanunvericilikdə qadağa da yoxdur. Azərbaycanda elə səhmdar cəmiyyətlər var ki, həm bankı, həm də sığorta xidməti var. Əgər istəsələr həmin səhmdar cəmiyyətlər kredit götürən və vaxtında ödəyən vətəndaşa ucuz sığorta xidməti təklif edə bilərlər.
Qanunvericilik buna qadağa qoymur. Yaxud səhmdar cəmiyyətlər daha yaxşı müştərilərə, kreditini vaxtlı-vaxtında ödəyən müştərilərə bonus sistemi tətbiq edə bilərlər. Qanunvericiliklə bu məcburi deyil, amma eyni zamanda hər hansı qadağa da müəyyənləşdirmir. Bu birbaşa bankların səlahiyyətindədir. Əgər banklar istəsələr bu tip mexanizmlərdən, yəni təşviqedici mexanizmlərdən, o cümlədən bonus sistemindən istifadə edə bilərlər".
Nicat
Tətbiqimizi yükləyə bilərsiniz